Medianews.az
İran aksiyalarındakı bayraqların fərqi nədir? -
121 baxış

İran aksiyalarındakı bayraqların fərqi nədir? - FOTOLAR

İranda 2025-ci il dekabrın 28-dən aramsız davam edən kütləvi aksiyalarda və xaricdə keçirilən dəstək mitinqlərində bəzən şahlıq dövrünün bayrağı da qaldırılır. Bu bayrağın İranın dövlət bayrağından nə fərqi var?

Medianews.az bildirir ki, hər iki bayraq üç rəngdədir: yaşıl, ağ və qırmızı. Bu rənglər bayraqlarda bərabər ölçüdə, üfüqi zolaqlar şəklindədir.

Yaşıl rəng həm islam dininə, həm də həyata, sevincə işarədir. Ağ rəng sülh simvoludur. Qırmızı rəng igidliyin və müharibələrdə tökülmüş qanın rəmzidir.

Bu bayraq Qacarlar Dövlətinin (1796-1925) son çağlarında - 1900-cü illərin birinci onilliyində dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt bayrağın mərkəzində - ağ zolaqda əlində qılınc şir təsviri, şirin fonunda isə şir simalı günəş təsviri olub.

1925-ci ildə Qacarlar Dövlətini süquta uğradıb Pəhləvi xanədanını qurandan sonra Rza Pəhləvi öz şahlığı dövründə (1925-1941) üçrəngli bayrağı qüvvədə saxlayıb. Pəhləvilər sülaləsinin ikinci və sonuncu şahı Məhəmməd Rza Pəhləvinin də dövründə (1941-1979) bu bayraq dövlət bayrağı olub.  

Lakin 1979-cu ilə, Pəhləvilər sülaləsi süquta uğrayanadək - istər Rza Pəhləvinin, istərsə də Məhəmməd Rza Pəhləvinin dövründə bayraqdakı şir təsvirində müəyyən dəyişikliklər edilib. Qacarlar dövründəki şir simalı günəş təsviri Pəhləvilər dövründə sadəcə günəş təsviri kimi verilib, günəşin üzərindən şirə aid işarələr (şirin gözü, qaşı, burnu) götürülüb.

1979-cu ilin 11 fevralındakı islam inqilabından sonra, 1980-ci ilin iyulunda İranda yeni dövlət bayrağı qəbul edilib. Ağ fondan şir və günəş təsvirləri yığışdırılıb. Yerində ərəb dilində Allah sözü verilib. Bu söz 4 aypara və mərkəzdə yerləşən qılınc təsviri formasında yazılıb. Eyni zamanda yaşıl və qırmızı zolaqların ağ zolaqla kəsişməsində naxış kimi 22 dəfə “Allahu-Əkbər” ifadəsi verilib. Bu, həm də islam inqilabının baş verdiyi günə, yəni İran təqvimi ilə 11-ci ayın 22-ci gününə işarədir.

Beləliklə, hazırkı üçrəngli İran bayrağı şahlıq dövründən miras qalıb, Qacarlardan Pəhləvilərə, Pəhləvilərdən islam respublikasına keçib. Amma Pəhləvilər dövründə bayrağın mərkəzindəki təsvirlər qismən, islam respublikası dövründə isə tam dəyişdirilib, həmçinin yaşıl və qırmızı zolaqların ağ zolaqla kəsişməsinə “Allahu-Əkbər” sözləri əlavə olunub.

Şahlıq dövrlərinin və islam quruluşunun bayraqları bir-birindən rənglərinə görə deyil, yalnız üzərindəki təsvirlərə, yazılara görə fərqlənir.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun