Medianews.az
1979-dan bəri: İrandakı böhranların XRONOLOGİYASI
127 baxış

1979-dan bəri: İrandakı böhranların XRONOLOGİYASI

İran, belə demək mümkünsə, böhranlar diyarıdır. Bu ölkədə hətta bir neçə ilin ictimai, siyasi, iqtisadi, tarixi böhranlarının xronologiyasını dəqiq vermək, yəni böhranları tam əks etdirmək çox çətindir.

Medianews.az saytı Qətərdən yayımlanan “Əl-Cəzirə” kanalına istinadla İranda islam inqilabının qələbəsindən sonra yaşanmış bir sıra böhranların qısa xronologiyasını təqdim edir.

1979

Fevral: Ayətullah Ruhullah Xomeyni 14 illik sürgündən sonra İrana qayıdır.
Aprel: Referendum nəticələrinə əsasən, İranda islam respublikası elan olunur.
Noyabr: ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsindən sonra Vaşinqton İrana qarşı ilk sanksiyaları tətbiq edir.

1980

Sentyabr: İraq İrana hücum edir (8 il davam edən bu müharibədə təxminən 500 min insan həlak olub, itkilərin böyük hissəsi İranın payına düşüb).

1981

Yanvar: Girov böhranı başa çatır, İran səfirlikdə girov götürdüyü son şəxsləri də azad edir.
İyun: Tehranda İslam Respublikası Partiyasının qərargahında partlayış baş verir, məhkəmə hakimiyyətinin rəhbəri Məhəmməd Behişti də daxil olmaqla onlarla yüksək vəzifəli şəxs həlak olur.
Avqust: Prezident Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bahonar terror aktı nəticəsində öldürülür. Hakimiyyət bu hadisədə “Mücahidini-xalq” təşkilatını günahkar bilir.

1982

İyun: İsrail Livana daxil olur. İran sonradan “Hizbullah”a çevriləcək Livan müqavimət hərəkatını maliyyələşdirməyə başlayır.

1988

İyul: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Vincennes” gəmisi İran Hava Yollarına aid sərnişin təyyarəsini Fars körfəzi üzərində vurur. Təyyarədə olan 290 nəfərin hamısı həlak olur.
Avqust: BMT-nin vasitəçiliyi ilə İran-İraq müharibəsində atəşkəs elan edilir.

1989

İyun: Ayətullah Ruhullah Xomeyni vəfat edir.
Növbəti gün ayətullah Əli Xamenei Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun qərarı ilə ölkənin ali rəhbəri seçilir.

1990

İyun: Güclü zəlzələ nəticəsində təxminən 40 min insan həlak olur.

1995

Mart–may: ABŞ İranın neft sektoruna və ticarətinə qarşı sanksiyalar tətbiq edir, Tehranın terrorçuluğu dəstəklədiyini və nüvə silahı əldə etməyə çalışdığını bildirir.

1998

Sentyabr: “Taliban” Əfqanıstanda səkkiz iranlı diplomat və bir jurnalistin öldürüldüyünü etiraf edir. İran cavab olaraq Əfqanıstan sərhədinə minlərlə hərbçi göndərir.

2002

Yanvar: ABŞ Prezidenti Corc Buş İranı Şimali Koreya və İraqla birlikdə “şər oxu” adlandırır.

2003

Mart: ABŞ İraqa müdaxilə edir. İran İraqdakı şiələri silahlı qruplarını və siyasi təşkilatlarını dəstəkləməyə başlayır.
Noyabr: Tehran uranın zənginləşdirilməsini müvəqqəti dayandırdığını və BMT müfəttişlərinə geniş imkanlar yaradacağını açıqlayır. MAQATE İranda nüvə silahı proqramına dair sübut tapmadığını bildirir.
Dekabr: Bam şəhərində baş verən zəlzələdə 40 minə yaxın insan ölür.

2006

Dekabr: BMT Təhlükəsizlik Şurası İrana nüvə proqramını dayandırmadığına görə sanksiyalar tətbiq etdiyini açıqlayır.

2007

Oktyabr: ABŞ İrana qarşı daha sərt sanksiyalar elan edir.

2010

İyun: BMT Təhlükəsizlik Şurası nüvə proqramına görə İrana qarşı dördüncü sanksiya paketini qəbul edir.
Sentyabr: İran nüvə obyektlərinə kiberhücumda ABŞ və İsraili ittiham edir.

2011

Mart: Suriyada Bəşər Əsəd rejimi etirazları qanla yatırır. İran İnqilab Keşikçiləri Korpusu və müttəfiq silahlı qruplar Bəşər Əsədi dəstəkləmək üçün Suriyaya göndərilir.

2012

Yanvar: Avropa İttifaqı İran neftinə embarqo oyur.

Sentyabr: MAQATE İranın nüvə obyektlərinə girişin məhdudlaşdırıldığını bildirir.
Oktyabr: Rialın dollar qarşısında dəyəri rekord dərəcədə aşağı düşür.

2015

İyul: İran və “altılıq” ölkələri arasında nüvə sazişi imzalanır. Razılaşma ölkədə ümid dalğası yaradır.

2018

May: ABŞ Prezidenti Donald Tramp nüvə sazişindən çıxır.

2020

Yanvar: İranın “Qüds” qüvvələrinin komandanı Qasım Süleymani İraqda ABŞ-ın dron zərbəsi nəticəsində öldürülür.

2024

Aprel: İsrail Dəməşqdə İran səfirliyini bombalayır.
May: İran Prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olur.
İyul: HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülür.

2025

İyun: İsrailin İrana hücumu iki ölkə arasında 12 günlük müharibəyə səbəb olur. Döyüşlərdə azı 610 iranlı və 28 israilli həlak olur.

Medianews.az

 

Bizə qoşulun