Medianews.az
Fərəh Pəhləvidən İran ordusuna çağırış
57 baxış

Fərəh Pəhləvidən İran ordusuna çağırış

İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, hazırda ABŞ-də mühacirətdə yaşayan Fərəh Pəhləvi İran xalqına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, o, müraciətində tezliklə İranın azadlığının qeyd olunacağına inamını ifadə edib.

“Bu günlərdə göstərdiyiniz cəsarət, vətənpərvərlik və fədakarlıq dünyanın hər yerindəki insanların hörmətini qazanıb və müxtəlif ölkələrdə milyonlarla insan sizə dəstək olduqlarını bildirib. Bilirəm ki, səsinizi eşitmək qorxusundan qaranlığa qərq olanlar xarici dünya ilə ünsiyyət kanallarınızı kəsiblər. Mesajınız bu cür hərəkətlərlə susdurula biləcək hər şeydən daha ucadır.

Qətiyyətlə inanıram ki, etirazlarınızın epik səhnələri gec-tez senzura divarını aşacaq və bu günlərdə etdiyiniz işlərin əsl ölçüləri bütün dünyada daha böyük heyrət və heyranlığa səbəb olacaq.

İranda günahsız etirazçıların öldürülməsi ilə bağlı rabitə vasitələrinin “qaralması” fonunda son saatlarda xarici dünyaya çatan görüntülər bir ana kimi ürəyimi parçalayıb. Qanı tökülən bu millətin hər bir uşağı mənim üçün öz övladlarımı itirməyin dözülməz kədərini canlandırır. İranın ana və atalarına səbr və güc arzulayıram və özümü onlarla birlikdə yasda birləşmiş hesab edirəm. Həmçinin, bu milli qiyamda yaxınlarını itirən bütün həmvətənlərimizə dərin hüznlə başsağlığı verirəm, bu günlərdə yaralananlara, xəsarət alanlara can sağlığı və şəfa diləyirəm”, - o qeyd edib.

F.Pəhləvi İran tarixinin bu kritik mərhələsində bir daha İran silahlı qüvvələrinə xatırladıb ki, heç bir hökumətin yaşaması və heç bir mənafenin qorunub saxlanması həmvətənlərinin qanının tökülməsinə haqq qazandıra bilməz:

“Etirazçıların qəzəb fəryadını və gurultusunu eşidin. Çox gec olmadan qardaş və bacılarınıza qoşulun və taleyinizi qatillərin taleyinə bağlamayın. Sabahın azad İranı sizin də övladlarınıza məxsusdur, həmvətənlərinizin qanını tökməklə öz gələcəyinizi və ailələrinizin gələcəyini məhv etməyin. Bilin ki, İranımızdakı bu günlərin hekayəsi tarix səhifələrində əbədi olaraq qeyd olunacaq və güllələri həmvətən qardaş və bacılarının sinələrini parçalayanların rüsvayçılığı üçün qalacaq.

Və sonda: övladlarım, ümidinizi qoruyun. Güclü olun və inanın ki, tezliklə İranda azadlığı birlikdə qeyd edəcəksiniz və işıq qaranlıq üzərində qələbə çalacaq”.

Bizə qoşulun