Medianews.az
Himnə hörmətsizlik - niyə cəzasız?
2,326 baxış

Himnə hörmətsizlik - niyə cəzasız?

2019-cu il fevralın 19-da “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanun qüvvəyə minib, aprelin 15-də isə dövlət başçısı İlham Əliyev qanunun tətbiqi barədə fərman imzalayaraq Nazirlər Kabinetinə beş ay müddətində ölkə qanunlarının, Prezident aktlarının “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri, “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktı layihəsini hazırlayıb Prezidentə təqdim etməyi tapşırıb.

Üstündən 6 ildən çox vaxt ötsə də, tapşırıq yerinə yetirilməyib.

“Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun 9-cu maddəsində deyilir ki, bu qanunun tələblərini pozan şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Ancaq hansı məsuliyyəti daşıyırlar - bəlli deyil, çünki indiyədək həmin məcəllələrə lazımi əlavələr edilməyib. Prezidentin 15 aprel 2019-cu il fərmanındakı tapşırıqlara uyğun olaraq Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə əlavələr edilməli, Dövlət Himni haqda qanunvericiliyin tələblərini pozan şəxslərin cəzaları müəyyən olunmalı idi. Lakin Prezidentin tapşırığı yerinə yetirilmədiyi üçün bu günədək “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun pozulmasına görə məsuliyyət növləri də müəyyənləşməyib.

Konstitusiyanın 23-cü maddəsinə əsasən, Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni Azərbaycan dövlətinin rəmzləridir. 75-ci maddəyə görə, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir və dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, Dövlət Bayrağı və ya Dövlət Gerbi barədə təhqiredici hərəkətlər 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin Cinayət Məcəlləsində, o cümlədən başqa məcəllələrdə Dövlət Himni barədə təhqiredici hərəkətlərin cəzasına dair heç nə yoxdur. Faktiki olaraq bu, Dövlət Himninə hörmətsizliyin hüquqi cəhətdən cəzasız qalması deməkdir.

Prezidentin Dövlət Himni ilə bağlı tapşırığının 6 ildən çoxdur yerinə yetirilməməsini necə izah etmək olar? Nə üçün Dövlət Himni ilə bağlı qanunvericiliyin pozulmasına görə məsuliyyət növləri müəyyənləşdirilmir?

Medianews.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, dövlət rəmzləri - bayraq, gerb, himn yalnız estetik simvollar deyil, dövlətçilik ideologiyasının və milli kimliyin ən ali ifadələrindəndir: “Onların qorunması, onlardan hörmət və ehtiramla istifadə olunması mənəvi, siyasi və hüquqi baxımdan zəruridir”.

Hüquqçunun fikrincə, Prezidentin “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun tətbiqi barədə 2019-cu il aprelin 15-də imzaladığı fərmanın yerinə yetirilməməsini, o cümlədən qanunun pozulmasına görə məsuliyyət mexanizmlərinin məcəllələrdə, ayrı-ayrı qanunlarda təsbit olunmamasını bir neçə amillə əlaqələndirmək mümkündür: “Birinci amil icra intizamının zəifliyidir. Nazirlər Kabineti nəzərdə tutulan layihəni təqdim etməyib və yaxud təqdim edibsə, müzakirəyə çıxarmayıb. İkinci amil kimi prioritetlərin dəyişməsini göstərmək olar. 2020-ci ildən gündəmdə İkinci Qarabağ müharibəsi, azad edilmiş torpaqlarda bərpa işləridir. Yəni bu məsələlər ön plana keçib. Himnə hörmətsizlik edənlər hansı hallarda inzibati, hansı hallarda cinayət məsuliyyətinə cəlb olunmalıdır - bu mövzu institusional müzakirələrdə təxirə salınıb. Dövlət Himni ilə bağlı qaydaların pozulması halları qeydə alınmadığından məsələ gündəlikdə olmayıb”.

Ə.Nuriyev qeyd edib ki, bir çox ölkədə dövlət himni ayrıca qanunla qorunur: “Məsələn, Türkiyədə İstiqlal marşının təhqir edilməsi cinayət məsuliyyəti yaradır. Fransada da dövlət himninə aşkar hörmətsizlik edənlər cinayət məsuliyyətinə cəlb olunur. Polşada isə həm inzibati, həm də cinayət məsuliyyəti tətbiq edilir. Bu nümunələr göstərir ki, himnin hüquqi mühafizəsi dövlət rəmzlərinin tam qorunması üçün vacibdir”.

Hüquqşünas hesab edir ki, Azərbaycan Prezidentinin fərmanı icra edilmədiyi üçün konstitusiyanın tələbləri pozulub: “Dövlət Himni faktiki olaraq hüquqi mühafizədən kənarda qalıb. Bayraq və gerbin qorunması ilə himnin qorunması arasında hüquqi assimetriya yaranıb. Bütün bunların hamısı fərmanın icra edilməməsi ilə bağlıdır”.

İlk növbədə Milli Məclisdə qanunvericiliyə dəyişikliklər paketinin hazırlanmalı olduğunu söyləyən Ə.Nuriyev vurğulayıb: “İnzibati Xətalar Məcəlləsində Dövlət Himninin təhrif olunmasına, himndən istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsində isə himnə qarşı açıq hörmətsizlik və təhqirə görə cinayət məsuliyyətinin hədləri göstərilməlidir. Bu məsələnin yubanmasında Nazirlər Kabineti də məsuliyyət daşıyır. Prezidentin fərmanının vaxtında icra edilməməsinə görə siyasi və institusional məsuliyyət mexanizmi işlənməlidir.

İctimai şüurun gücləndirilməsi də vacib aspektlərdən biridir. Dövlət rəmzlərinin qorunması təkcə hüquqi məsələ deyil, həm də vətəndaşlıq məsuliyyətinin tərkib hissəsidir. Beləliklə, Azərbaycanın Dövlət Himninin hüquqi mühafizəsi sahəsində ciddi boşluq mövcuddur. Prezidentin 2019-cu ildə verdiyi tapşırıqların indiyədək icra edilməməsi hüquqi dövlət prinsiplərinə zidd olmaqla yanaşı dövlət rəmzlərinin bütövlüyünə zərbə vurur. Bayraq və gerblə bağlı məsuliyyət mexanizmlərinin olması, lakin himn üçün bunun nəzərdə tutulmaması normativ disbalans yaradır. Bu boşluğun aradan qaldırılması həm hüquqi, həm də siyasi baxımdan zəruridir. Dövlət himninə münasibətdə məsuliyyət növlərinin müəyyənləşdirilməsi Azərbaycanın dövlətçilik ideologiyası, milli kimliyi və hüquqi dövlət prinsiplərinin qorunması baxımından çox vacibdir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun