Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddətinin başa çatmasına bir ay qalır.
Medianews.az bildirir ki, Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilən Ramiz Mehdiyev 2025-ci il oktyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatı, Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylığa ev dustaqlığına alınıb. Onun barəsində seçilən qətimkan tədbirinin müddəti 2026-cı il fevralın 13-də başa çatacaq.
İstintaq müddətinin artırılıb-artırılmayacağı hələ bilinmir.
Cinayət Məcəlləsinin 278.1-ci maddəsi Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Ramiz Mehdiyev barəsində başlanan cinayət işinin istintaqı çərçivəsində üç nəfər həbs olunub: AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu).
Hər üç şəxsin həbs müddəti Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə eyni gündə - 2026-cı il fevralın 13-də başa çatacaq.
Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1-ci, Vüqar Məmmədov 182.2.4-cü maddəsi (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilir.
İstintaqı DTX aparır. Həbs edilənlər DTX-nin istintaq təcridxanasında saxlanılırlar.