Son illərdə D vitamini qəbulu bir çox insan üçün normaya çevrilib. Lakin bu vitaminin orqanizmdə yüksək tərkibdə - 150 ng/ml-dən yuxarı olması qanda kalsiumun toplanmasına gətirib çıxara bilər ki, bu da onun ürək əzələsində, bağırsaq və mədə divarlarında çöküntü şəklində yığılmasına səbəb ola bilər.
Foodinfo.az bildirir ki, bu barədə rusiyalı həkim, pediatr Yelena Aleksentseva "İzvestiya" nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, həmçinin artıq miqdarda D vitamini hüceyrə membranlarına və maddələr mübadiləsinə birbaşa toksik təsir göstərə bilər. Həddindən artıq dozada D vitamini qəbul etmək təkcə onun orqanizmdə miqdarının artmasına deyil, eyni zamanda orqanizm tərəfindən kalsiumun udulmasının artmasına da səbəb ola bilər ki, bu da hiperkalsemiyaya - qanda kalsium səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.
"Bu pozuntu fonunda həzm pozğunluqları, başgicəllənmə, yüksək dərəcədə halsızlıq və huşun qarışması kimi hallar ortaya çıxa bilər. D vitamini hipervitaminozunun digər bir nəticəsi K2 vitamini aktivliyinin pozulmasıdır ki, bunun nəticəsində sümük kütləsinin itkisi baş verə bilər. Həmçinin bu maddənin orqanizmdə artması böyrəklərin zədələnməsinə də səbəb olur", - deyə Yelena Aleksentseva əlavə edib.
Lakin sadəcə günəş altında qalmaqla və ya xüsusi diyet saxlamaqla D vitamininin orqanizm üçün təhlükəli səviyyələrinə çatmaq mümkün deyil: bu, yalnız dərmanlar və ya qida əlavələrinin qəbulu nəticəsində baş verə bilər. Həkim vurğulayıb ki, bu vəziyyət daha çox uşaq yaşlarında raxitin profilaktikasına yönəlmiş dərmanlar və əlavələrin qəbulu zamanı, xüsusən də balıq yağı əlavələri ilə eyni vaxtda qəbul edildikdə baş verir.
Aleksentseva qeyd edib ki, normal dozalarda D vitamini faydalıdır. Məsələn, D vitamini reseptorların insulinə həssaslığını artırır, sümük toxumasını gücləndirir, cinsi hormonların (testosteron, estrogen, progesteron) sintezini təşviq edir, reproduktiv funksiyanı yaxşılaşdırır, anadangəlmə və qazanılmış immunitetə təsir göstərir və şiş əmələ gəlməsinin, depressiyanın yaranmasının və Parkinson xəstəliyinin qarşısını alır.
Həkimin sözlərinə görə, D vitamini səviyyəsinə nəzarət və onun dəstəklənməsi üçün preparatların qəbulu ilk növbədə raxit, bədən kütləsi defisiti (azlığı), uzunmüddətli yataq rejimi, günəş altında məhdud qalma, 65 yaşdan yuxarı olanlar, osteoporoz və osteomalyasiya, malabsorbsiya sindromu, qaraciyər və böyrək xəstəlikləri, paratiroid vəzi, allergik və autoimmun xəstəlikləri, piylənmə, limfomalar və qranulomatoz xəstəlikləri olan xəstələr üçün tövsiyə olunur.(Oxu.az)