Hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ittihamları ilə ev dustaqlığına alınan Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək məqsədilə Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı gizli məktub üzə çıxıb.
Çevriliş xülyasına düşən Ramiz Mehdiyev məktubunda Azərbaycanda yeni dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruri olduğunu iddia edib. Qanunverici, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətinə nəzarəti həyata keçirmək üçün 50 nəfərlik Dövlət Şurasının yaradılması təklifini irəli sürən Mehdiyev vurğulayıb: “Dövlət Şurası ölkədəki siyasi və sosial-iqtisadi proseslər üzərində tam nəzarət mexanizminə malik olacaq, həmçinin Konstitusiya Məhkəməsinin və Milli Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlament tərəfindən qəbul edilən qanun layihələrini təsdiqləyəcək və hökumətin qərarlarına münasibətdə veto hüququna malik olacaq”.
Beləliklə, Ramiz Mehdiyevin Azərbaycanda prezident idarəçiliyini aradan qaldrmaq, eyni zamanda Konstitusiya Məhkəməsini və Təhlükəsizlik Şurasını ləğv etmək planı olduğu aydınlaşır.
Medianews.az bildirir ki, klassik bölgüyə əsaslandıqda Azərbaycanda hazırkı dövlət idarəetmə sistemi prezident-parlament idarə üsulundan ibarətdir.
Ölkə konstitusiyasının 8-ci maddəsinə əsasən, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Prezident Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, ölkədə məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Konstitusiyanın 99-cu maddəsinə əsasən, Azərbaycanda icra hakimiyyəti Prezidentə mənsubdur.
Ana qanunun 109-cu maddəsi isə Prezidentə bir çox səlahiyyət verir, eyni zamanda idarəçilikdə parlamentlə məsuliyyət bölgüsünü rəsmiləşdirir. Məsələn, Prezident Baş naziri parlamentin (Milli Məclis) razılığı ilə vəzifəyə təyin edir; Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisə təqdimatlar verir; Baş prokuroru Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir; Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Milli Məclisə təqdimat verir; insan hüquqları üzrə müvəkkilin seçilməsi haqqında Milli Məclisə təqdimat verir.
Konstitusiyanın 109-cu maddəsini tam şəkildə təqdim edirik:
Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri
Azərbaycan Respublikasının Prezidenti:
1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;
2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;
3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;
4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;
9) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;
10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;
11) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;
12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;
13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;
14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;
15) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;
16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;
17) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;
18) referendum təyin edir;
19) qanunları imzalayır və dərc edir;
20) vətəndaşlıq məsələlərini həll edir;
21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
22) əfv edir;
23) dövlət təltifləri ilə təltif edir;
24) ali hərbi və ali xüsusi rütbələr verir;
25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;
28) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
29) fövqəladə və hərbi vəziyyət elan edir;
30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
31) Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;
32) bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Ramiz Mehdiyevin ləğv etmək istədiyi Konstitusiya Məhkəməsinə gəlincə, Medianews.az bildirir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qanunların, fərman, sərəncam və qərarların, normativ hüquqi aktların konstitusiyaya, qanunlara uyğunluğu üzrə məsələlərin; qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həllinə məsuldur, həmçinin Azərbaycan Konstitusiyasını və qanunlarını şərh edir. Vətəndaşlar qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin hər bir qərarı qətidir, heç bir orqan və ya şəxs qərarı ləğv edə, dəyişdirə bilməz.
Ramiz Mehdiyevin ləğvini planlaşdırdığı digər qurum - Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası isə məşvərətçi orqandır. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır. Təhlükəsizlik Şurasına Azərbaycan Prezidenti sədrlik edir, Təhlükəsizlik Şurası üzvlərinin və katibinin təyinatı da Prezidentin səlahiyyətindədir.
1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Sovet dövrünün 1970-1980-ci illərində Azərbaycanın komsomol və partiya təşkilatlarında məsul vəzifələr tutub, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, katibi olub. 1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
Ramiz Mehdiyevin cinayətlərdə ittiham edilməsi xəbəri 2025-ci il oktyabrın 14-də yayılıb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı, Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçdiyi bəyan olunub. Bu xəbərlər yayılandan az sonra - oktyabrın 18-də ölkə mediasında Ramiz Mehdiyevin 2019-cu ilin payızından üzvü olduğu Təhlükəsizlik Şurasından çıxarıldığı haqda da informasiyalar dərc edilib.
Toğrul Əli,
Medianews.az