Medianews.az
Rus kimliyindən imtina –
1,469 baxış

Rus kimliyindən imtina – Yeni dalğa başlayıb

Rusiyanın Ukraynaya qarşı müharibədə törətdiyi soyqırımı və insanlıq əleyhinə cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verəcəyi ehtimalı hər ötən gün güclənir.

ABŞ Senatında ikipartiyalı qrup Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyevi ukraynalı uşaqların oğurlanması ilə bağlı müharibə cinayətləri işi üzrə ifadəsini dinləmək üçün Senata çağırmaq niyyətindədir.

Bu hadisə Rusiyanın soyqırımı və insanlıq əleyhinə cinayətlərə görə mühakimə olunmasının start götürməsi deməkdir. Rusiya səfirinin ABŞ Senatında müharibə cinayətləri işi üzrə ifadə verməsi Rusiyanın müharibə cinayətlərini araşdıracaq Xüsusi Tribunalın yaradılması prosesini də sürətləndirəcək. Məlum olduğu kimi, 40-dan artıq dövlət Rusiyanın müharibə cinayətlərini araşdıracaq Xüsusi Tribunalın yaradılması ilə bağlı razılığa gəlib. Zamanla bu dövlətlərin sayı artacaq. Eyni zamanda dövlətləri olmayan, Rusiyanın soyqırımına məruz qalmış xalqların təmsilçilərinin də Xüsusi Tribunalın işinə cəlb olunması ilə bağlı təşəbbüs irəli sürülüb. Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının bununla bağlı təşəbbüsü Rusiya müstəmləkəsi altında olan xalqların milli fəalları arasında müzakirə olunaraq dəstək qazanmaqdadır. Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bununla bağlı fəaliyyətini gücləndirməyə, Rusiyanın soyqırımı və insanlıq əleyhinə cinayətləri ilə bağlı məhkəmə prosesinə Rusiya əsarətindəki xalqların milli fəallarının iştirakı ilə bağlı təşəbbüsün beynəlxalq miqyas almasına çalışır.

Rusiyanın Ukraynaya qarşı müharibədə törətdiyi soyqırımı və insanlıq əleyhinə cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verəcəyi ehtimalının hər ötən gün güclənməsi rus kimliyindən imtina edənlərin sayının həndəsi silsilə ilə artmasına səbəb olub. Yüzlərlə şəxs məhkəmə orqanlarına müraciət edərək rus kimliyindən imtina edib, milli mənsubluğunu dəyişməyə çalışır. Rusiya qanunvericiliyinə görə, məhkəmə qərarı olmadan rəsmi sənədlərdə milli mənsubiyyəti dəyişmək mümkün deyil. Rusiya məhkəmələri isə müxtəlif bəhanələrlə belə müraciətlərin böyük əksəriyyətini rədd etməyə çalışır. “Almaniyaya gec köçənlər” teleqram kanalının məlumatına görə, son zamanlara kimi milliyətini “rus” göstərən, ancaq indi “alman” olduqlarını təsdiq etməyə çalışanların sayında kütləvi artım müşahidə olunur. Alman kimliyi ilə yanaşı rus kimliyini yəhudi kimliyinə dəyişmək istəyənlərin də sayı artıb.

Milli kimliyini dəyişmək üçün məhkəməyə müraciət edənlərin arasında Rusiya Federasiyası adlı coğrafiyanın qədim və yerli xalqlarının təmsilçiləri də artmaqdadır. Rus kimliyindən imtina edərək şor, telengit, tubalar, çelkan, kumandin, çukçi, ketos, evenk, itelmen, xantı, nanais və abazin kimliyini bərpa etmək istəyənlərin sayı sürətlə artır. Bütün bu hadisələr rus cəmiyyətinin dağılmaqda olduğunu göstərir.

Ötən əsrin 70-ci illərində Sovet İttifaqında ən güclü hərəkatlardan biri, bəlkə də birincisi yəhudilərin İsrailə köç etmək üçün Sovet İttifaqından çıxış hüququ uğrunda mübarizəsi idi. Bu proses o qədər kütləvi xarakter almışdı ki, beynəlxalq münasibətlərin müzakirəsinə, SSRİ-yə qarşı sanksiyaların tətbiqinə gətirib çıxarmışdı. Yəhudilərin SSRİ-dən İsrailə köçü haqqındakı sovet lətifələrindən birində deyilir ki, xarici təzyiqlərdən yorulmuş sovet lideri Leonid Brejnev SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgindən SSRİ-də nə qədər yəhudi olduğunu soruşur. Kosıgin yəhudilərin sayının təxminən iki-üç milyon olduğunu bildirir. Brejnev Kosıgindən soruşur ki, biz icazə versək onlardan neçəsi İsrailə getmək istəyəcək? Kosıgin cavab verir ki, yeddi və ya səkkiz milyonu.

İndi də rus kimliyini alman, yəhudi, tatar, şor, telengit, tubalar, çelkan, kumandin, çukçi, ketos, evenk, itelmen, xantı, nanais və abazin kimliyinə dəyişmək istəyənlər minlərlə olsa da, Putinin raşizm rejiminin çöküşü ilə rus kimliyindən imtina etmək istəyənlər milyonlarla olacaq.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun