Medianews.az
“Nahaqdan üstümə düşdülər, “Bəyin oğurlanması” filminə ona görə çəkilmədim ki...” -
317 baxış

“Nahaqdan üstümə düşdülər, “Bəyin oğurlanması” filminə ona görə çəkilmədim ki...” - FOTO+ÖZƏL

“Mənim əsl sənətim müğənnilikdir. Aktyorluq sadəcə hobbimdir. “Musiqi müəllimi” filminə çəkilmək istəmirdim, etiraz etmişdim. Sonra filmin bəstəkarı Tofiq Quliyev, rejissoru Tofiq İsmayılov təkidlə filmdə mənim çəkilməyimi istədilər. Həm də film musiqi üzərində qurulmuşdu deyə çəkildim. “Bəyin oğurlanması” filmində ümumiyyətlə çəkilmədim. Ssenari öncə mənim üçün yazılmışdı. Musiqili film olacaqdı. Rejissor Tofiq İsmayılov idi. Xüsusi mahnılar da yazılmışdı, gitara ilə ifa edəcəkdim. O vaxt kinostudiyanın rəhbər heyətində dəyişiklik oldu və filmi Tofiq müəllimdən aldılar. Həm də düzü bir o qədər də çəkilməyə həvəsli deyildim. Peşman da deyiləm. İndi də dəvətlər olur, amma imtina edirəm. Mənə elə gəlir ki, səhnədə olmaq daha gözəldir”. Bunu Medianews.az-a açıqlamasında xalq artisti Sərxan Sərxan deyib.

O daha sonra həmişə formada və cavan qalmasının sirlərini bölüşüb:
“Münzətəm olaraq idmanla məşğul oluram. Çox az yeyirəm. Hər şey yemirəm, keyfiyyətli ərzaqlarla qidalanıram. Bir də təmiz havada mütləq gəzirəm. Bu olmasa olmaz. Moskvada olanda dəniz kənarında çox gəzirəm, velosiped sürürəm. Bunları edəndə əhval-ruhiyyəm də gözəl olur”.

Xalq artisti nadir hallarda müsahibə verməsinin səbəblərindən də danışıb. O bildirib ki, müsahibələri təhrif olunaraq oxuculara çatdırılır:
“Uzun müddətdir ki, müsahibə vermirəm. Çünki dediklərim yanlış anlaşılır. Bir müddət əvvəl mənə sual verdilər ki, “Siz özünüzü Rəşid Behbudov, Müslüm Maqomayevlə bir sırada görürsünüz?”. Mən ümumiyyətlə bu suala cavab vermədim. Tamaşaçılar və izləyicilər nahaqdan mənim üstümə düşdülər. Bir də gördüm ki, rəylərdə yazırlar ki, Sərxan özünü belə böyük sənətkarlarla necə bir tərəziyə qoya bilər? Mən ümumiyyətlə cavab verməmişəm. Sadəcə dedim ki, hər dövrün öz tələbi və müğənnisi var. Bundan başqa cavab deməmişdim. Bir dəfə də başqa bir jurnalist mənə 90-cı illərdəki musiqimizlə, estradamızla bağlı sual ünvanladı. Dedim ki, 90-cı illərdə şəhərdə məcburi-köçkünlər dolu idi, belə vəziyyətdə camaatın həvəsi də yox idi ki, teatra getsin. Həqiqətən də belə idi. Sözümü tərsinə çevirib yazdılar ki, guya mən demişəm ki, rayon nə bilir teatr nədir? Mən necə belə söz deyə bilərəm? Sonra etiraf etdilər ki, biz bunu bilərəkdən yazmışdıq ki, yazı çox oxunsun. Bu mövzuda bilməyərəkdən danışan sənətkarlar da oldu”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun