2025-ci il sentyabrın 1-nə (334 aya) "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından 612,2 mln ton xam neft və 238,7 mlrd m3 səmt qazı hasil edilib. Çıxarılan qazın təqribən 60 mlrd kubmetri əmtəəlik qaza çevrilərək müqavilə şərtlərinə uyğun olaraq 2 məntəqədə (Səngəçal terminalı və Neft Daşlarında) Azərbaycan tərəfinə (SOCAR-a) təmənnasız təhvil verilib. Yerdə qalan qaz həcmləri isə lay təzyiqini saxlamaq məqsədi ilə texniki quyularla yenidən məhsuldar laylara vurulub.
AÇG müqaviləsinin hazırda ən böyük səhmdarı 31,65% payla Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR) .
Neft indi AÇG müqavilə sahəsində 7 platformadan hasil edilir. Ən az hasilat 1997-ci ildən istismarda olan "Çıraq" platformasındadır (gündəlik 20 min barel, illik 1 mln ton). Hazırda ən çox neft hasil edilən platforma isə "Mərkəzi Azəri"dir (gündəlik 86 min barel və ya ildə təqribən 4,3 mln ton).
Bu ilin I yarısında AÇG üzrə günlük orta hasilat 327 min barel təşkil edib. AÇG blokundan bu il hər ay orta hesabla 1,33 mln ton neft çıxarılıb. Azərbaycan üzrə hasil edilən neftin (kondensat həcmləri nəzərə alınmadan) 71,4%-i məhz AÇG-nin payına düşüb.
AÇG layihəsi üzrə mənfəət neftinin bölgüsü zamanı 75% pay dövlətə çatır ki, həmin vəsait də Azərbaycanın Dövlət Neft Fonduna daxil olur. "Caspian Barrel"in hesablamalarına əsasən 01.07.2025 tarixinə Neft Fonduna AÇG-dən $178,5 mlrd vəsait daxil olub.
Azərbaycan tərəfinin AÇG-dən qazancı yalnız bu deyil. Bəs AÇG-dən Azərbaycanın əldə etdiyi hansı gəlirlər açıqlanmır:
1) Dövlət Vergi Xidmətinə AÇG layihəsi üzrə ödənilən MƏNFƏƏT VERGİSİ həcmləri;
2) Dövlət Sosial Müdafiə Fonduna məhz AÇG üzrə ödənilən vergilər;
3) SOCAR-ın AÇG-dən əldə etdiyi mənfəət;
4) Sırf AÇG layihəsi çərçivəsində dövlət şirkətlərinin və qurumlarının icra etdiyi işlərdən əldə etdiyi mənfəət;
5) AÇG layihələri üzrə özəl yerli şirkətlərin və səhmdar cəmiyyətlərin gördükləri podrat və subpodrat işlərindən əldə etdikləri mənfəət.
Bu yazdığım 3 bənd üzrə AÇG-dən Azərbaycanın əldə etdiyi gəlirləri təqribi də olsa hesablamaq mümkündür. Amma bunu hökumət daha dəqiq edə bilər və cəmiyyətə də yeni bir mesaj göndərə bilər ki, "görürsünüzmü, digər ölkələrlə müqayisədə bizim ilk neft müqaviləsindən əldə etdiyimiz maliyyə nəticələri daha yüksəkdir".
Ümid edək ki, bu kimi məlumatlar Neftçilər Günü münasibəti ilə daha geniş şəkildə işıqlandırılacaq.
İlham Şaban,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri