Medianews.az
“Amnistiyadan ən müxtəlif siyasi baxışlara malik insanlar faydalanacaq” –
129 baxış

“Amnistiyadan ən müxtəlif siyasi baxışlara malik insanlar faydalanacaq” – Zahid Oruc

“Azərbaycanın müstəqillik tarixində 70-dən artıq əfv, 11 amnistiya aktı verilib. Bu, dövlət humanizminin, dövlətin vətəndaşlarla birliyinin daha bir bariz nümunəsidir”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü şərh edərkən Medianews.az-a belə deyib.

Z.Orucun sözlərinə görə, təcrübə, dəqiq təhlillər göstərir ki, cəzasını günə gün çəkib azadlığa çıxanlarla müqayisədə dövlətin əfvini və ya amnistiyasını qazanan şəxslər bir qayda olaraq təkrarən cinayət törətmirlər: “Deməli, ali hakimiyyət, onun rəhbəri bu təşəbbüsü irəli sürərkən insanların islah olunmasını, bir daha cinayət törətməməsini məqsəd seçib. Vətəndaşlar bu humanizmi yüksək qiymətləndirir və ölkəmizdə kriminogen durumun yaxşılaşması da bundan xəbər verir”.

Z.Oruc qeyd edib ki, gözlənilən amnistiyanın 20 mindən çox insana şamil olunacağı proqnozlaşdırılır: “Bu o deməkdir ki, qarşıdan gələn amnistiyadan ən müxtəlif siyasi baxışlara malik insanlar faydalanacaq. Belə olan halda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin amnistiya aktını dəstəkləməsi, müdafiə etməsi, alqışlaması, bu humanist aktın həmrəyliyə xidmət etməsi üçün öz üzərinə düşən addımı atması vacibdir. Avropa ilə münasibətlərimizin daha da yaxşılaşması istiqamətində bu aktın töhfəsindən danışmaq da yerinə düşərdi. Tutalım, indi kimlərinsə konkret əməllərinə görə həbsdə olması amnistiya aktının haqq etdiyi müsbət yanaşmanı sərgiləməmək, onun əleyhinə getmək üçün bəhanə verməməlidir. Qapısı açılan, ailəsinə və cəmiyyətə dönən minlərlə insanın sevincinə şərik çıxmalıyıq”.

Z.Oruc xatırladıb ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə təşəbbüs göstərdiyi amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq: “5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, azadlıqdan məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır”.

Konstitusiyaya əsasən, amnistiya aktının qəbul edilməsi Milli Məclisin səlahiyyətinə daxildir. Bu səbəbdən Prezident İlham Əliyevin təşəbbüs göstərdiyi amnistiya aktının layihəsi Milli Məclisə göndərilir. Milli Məclisdə amnistiya aktı layihəsi öncə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsində müzakirə olunur, sonra parlamentin plenar iclasına tövsiyə edilir. Milli Məclisin iradəsindən asılı olaraq amnistiya aktı bir oxunuşda da qəbul edilə bilər. Amnistiya aktı parlamentdə deputatların ən azı üçdə iki hissəsinin iştirakı ilə, sadə səs çoxluğu ilə qəbul edilir.

Azərbaycanda sonuncu amnistiya 2021-ci ilin noyabr ayında - 8 Noyabr Zəfər Gününün birinci ildönümü münasibətilə elan olunub.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun