Ötən gün Çinin Honkonq bölgəsinin Tai Po rayonunda 8 binadan ibarət yaşayış kompleksində baş verən güclü yanğında 44 nəfər həlak olub, 279 sakinlə əlaqə kəsilib.
Medianews.az xəbər verir ki, yanğın, binaların təmiri zamanı qurulan bambuk konstruksiya və pəncərələrin plastik köpük izolyasiya ilə örtülməsi səbəbindən sürətlə yayılıb.
Yerli mülki müdafiə idarəsinin məlumatına görə, ölənlər arasında bir yanğınsöndürən də var. Yaralanan 45 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Kompleksdə yaşayan təxminən 4 min nəfər təxliyə edilib. Alovlar 7 binadan 3-də söndürülüb, 4 binada isə yanğın davam edir. Hadisə yerinə 26 yanğınsöndürən briqadası cəlb olunub.
Polis təmir işlərinə cavabdeh olan şirkətin iki rəhbəri və bir mühəndisi ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə saxlayıb. Rəsmi şəxslər şirkətin ciddi səhlənkarlığa yol verdiyini bildirirlər.
Hadisənin miqyası səbəbindən Honkonq 17 ildən sonra ilk dəfə 5-ci dərəcəli yanğın siqnalı verilib. Ərazidə iki yaşayış kompleksi də boşaldılıb, 900-ə yaxın sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. Ümumilikdə 140-dan çox yanğınsöndürmə texnikası və 800-dən artıq xilasedici əraziyə göndərilib.
Çin rəhbəri Si Cinpin başsağlığı verib. O, hökumətə Honkonq hərtərəfli yardım göstərməyi tapşırıb. Honkonq baş icraçı rəhbəri Con Li hadisə ilə bağlı təcili toplantı keçirib. O, həlak olanların ailələrinə başsağlığı, yaralılara şəfa diləyib.
Medianews.az






