Medianews.az
Hindistan Bakıdakı tədbirə raketlə cavab verdi –
72 baxış

Hindistan Bakıdakı tədbirə raketlə cavab verdi – REAKSİYA

Ötən həftə Bakıda “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Bu formatda keçirilən tədbir ilk dəfə olaraq Azərbaycan paytaxtında baş tutub.

Konfrans Bakı Təşəbbüs Qrupu (Baku Initiative Group) tərəfindən təşkil edilib. Tədbirin əsas məqsədi Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə sikhlərə qarşı həyata keçirdiyi repressiv, diskriminativ və zorakılıq siyasətinin nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub.

Konfransda Pəncab əyalətinin İnsan Hüquqları və Azlıqlar naziri Rameş Singh Arora, eləcə də Kanada, Böyük Britaniya və ABŞ-dan sikhlər icmasının tanınmış nümayəndələri iştirak ediblər. Tədbirə həmçinin beynəlxalq beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları üzrə alimləri və Hindistanda baş verən zorakılıqların birbaşa qurbanı olmuş şəxslər qatılıblar.

Bakıda Hindistanın siqhlərə və digər milli azlıqlara qarşı repressiv siyasəti mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Müzakirələr zamanı Hindistanda etnik azlıqlara qarşı zorakılıq və diskriminasiya faktlarının sənədləşdirilməsi, bu halların beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi və beynəlxalq təşkilatların məsələyə daha fəal şəkildə cəlb olunması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Konfransın yekununda insan hüquqlarının müdafiəsi istiqamətində qlobal fəaliyyətə çağırışlar səsləndirilib, Hindistanda etnik və dini azlıqların hüquqlarının qorunması üçün beynəlxalq səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Hindistanın reaksiyası Ermənistana raket göndərmək xəbərli ilə üst-üstə düşməsi diqqət çəkib. “The Hindu Business Line” xəbər verir ki, Hindistan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyasını göndərib.(mənbə: haqqın.az). Bildirilir ki, Hindistanın müdafiə naziri Rajnath Singh Naqpurdakı Solar Defence and Aerospace Limited (SDAL) zavodundan Pinaka idarə olunan raketlərinin ilk partiyasının ixracının startını verib. Nəşr qeyd edir ki, İrəvan əvvəllər Yeni Dehli ilə idarə olunan raketlər və digər müdafiə avadanlıqları da daxil olmaqla dörd Pinaka MLRS batareyasının tədarükü üçün 240 milyon dollarlıq müqavilə imzalayıb. Pinaka batareyalarının tədarükü 2023-cü ilin iyul ayında başlayıb və 2024-cü ilin noyabr ayında başa çatıb. 2024-cü ilin yayında Hindistan mediası Hindistandan Ermənistana silah müqavilələrinin ümumi dəyərinin bütün tədarük müddəti ərzində 600 milyon dollara çatdığını bildirib.

Picture background

Hindistanın yerli hərbi-sənaye kompleksi tərəfindən hazırlanan “Pinaka” çoxlüləli reaktiv yaylım atəş sistemi (MLRS) müasir döyüş şəraitində yüksək atəş sıxlığı və çevikliyi ilə seçilir. Sistem qısa müddət ərzində geniş ərazilərə zərbə endirmək imkanına malikdir və Hindistan ordusunun əsas artilleriya vasitələrindən biri hesab olunur. Məlumata görə, “Pinaka” MLRS batareyası bir neçə buraxıcı qurğudan, komanda-idarəetmə maşınından, meteoroloji və ballistik təminat vasitələrindən, eləcə də yenidən yükləmə və texniki dəstək maşınlarından ibarətdir. Bu struktur batareyaya müstəqil fəaliyyət göstərmək, sürətli mövqe dəyişmək və təkrar atəş açmaq imkanı yaradır. Texniki xüsusiyyətlərinə görə, 214 mm kalibrli “Pinaka” buraxıcı qurğularının hər biri 12 lülə ilə təchiz olunub. Bir yaylımın icrası təxminən 40–45 saniyə çəkir.

Sistem müxtəlif raket variantlarından asılı olaraq 40 km-dən 90 km-dək məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir. Rəhbərsiz və idarə olunan raketlərin tətbiqi isə atəşin dəqiqliyini artırır. Hərbi ekspertlərin fikrincə, “Pinaka” MLRS batareyalarının əsas üstünlükləri yüksək atəş gücü, təkərli şassi üzərində qurulduğuna görə mobillik və rəqəmsal idarəetmə sistemləri sayəsində operativlikdir. Bu xüsusiyyətlər sistemi hücum və müdafiə əməliyyatlarında effektiv vasitəyə çevirir.

Picture background

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a bildirib ki, Hindistan Ermənistanın Asiyada əsas tərəfdaşıdır. Onun sözlərinə görə, bunun bir səbəbi ermənilərin həmin bölgədən köç etməsidirsə, digər amil Pakistanın Azərbaycanla müttəfiq olmasıdır: "Azərbaycan Pakistandan JF-17 “Thunder” yüngül çoxməqsədli qırıcı təyyarələrinin idxalını həyata keçirib. Yəni burada Hindistan və Pakistanın da rəqabətini görmək olar. Sadəcə, Dehli torpaqlarımızı 30 il işğal altında saxlamış tərəfi silahlandırır. Bu da Ermənistanın gələcəkdə revanş istəklərini gücləndirə bilər. Baxmayaraq ki, qarşı tərəfə verilən raketlər nə qədər olsa belə, Azərbaycan Silahlı Qüvvələri ilə yarışa girə bilməzlər. Ona görə də Hindistanın siyasəti nümayişkaranə xarakter daşıyır. Burada Rusiya və İranın da maraqları istisna deyil. Hər iki dövlət Hindistanın Ermənistanı silahlandırmasında maraqlıdır. Eyni zamanda, Fransanın da Hindistanla əlaqələrini nəzərə alsaq, Paris İrəvana silah verilməsinin tərəfdarıdır. Faktiki olaraq, Avropa İttifaqı bir yandan maliyyələşdirməklə, Fransa, Yunanıstan, Kipr, Hindistan kimi ölkələr isə silahlandırmaqla Ermənistanı Qarabağdakı məğlubiyyətdən sonra dirçəltməyə çalışırlar. Bu da eynilə "Marşal planı" kimi ssenaridir. Amma Azərbaycan boş oturmayıb və istənilən prosesə hazırdır. Bunu dövlət başçısı da bəyan edib".

Hərbi ekspert qeyd edib ki, Hindistanın addımlarında Pakistanın acığına davranışlar da var: "Məsələn, Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləmişdi, Hindistan buna imkan vermədi. Dehli açıq şəkildə əleyhimizə addım atdı. Buna cavab olaraq da Pakistan Ermənistanın üzvlük yolunu blokladı. O baxımdan, verilən raketlər, Bakıda keçirilən tədbir, ŞƏT-lə bağlı tərəflərin mövqeyi göstərir ki, Azərbaycan-Hindistan münasibətlərində problemlər var. Əvvəllər bu səviyyədə deyildi, son illər əlaqələr mənfi cəhətdən kəskinləşib".

Bizə qoşulun