Rusiya ABŞ Prezidenti Donald Trampdan Sülh Şurası təşəbbüsünə qoşulmağa dəvət alıb. Putin Rusiyanın əvvəlki ABŞ administrasiyası dövründə dondurulmuş aktivlərindən 1 milyard dolları Sülh Şurasına göndərməyə hazır olduğunu açıqlayıb.
Bu dəvət ABŞ və Rusiya arasındakı yaxınlaşma addımı kimi dəyərləndirilə bilərmi?
Məsələ ilə bağlı Medianews.az-a danışan hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirib ki, prosesə qlobal tərəfdən baxanda bunu müsbət addım kimi qiymətləndirə bilərik.
"ABŞ-ın dəvəti və Putinin bu dəvətin dondurulmuş aktivlərdən verə biləcəyini deməsi əslində hər iki tərəfin sülhə yönəlməsini, problemlərin hədə ilə deyil, sakit bir formatda çözülməsinə hesablanmış kimi göstərir.
Bildiyiniz kimi, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücuma keçərkən oranı 3 günə işğal edəcəyini desə də, artıq bu müddətin 4 ilə çatmağına bir ay var. Təsəvvür edin ki, sovet hökuməti Böyük Vətən müharibəsini 4 ilə qurtardı. Çünki üzərinə yeriyən böyük qüvvələr idi və bir çox ölkələrin dəstəyindən sonra faşizm üzərində qələbə qazanıldı. İndi Rusiya da anlayır ki, bu 4 il ərzində Rusiyanın iqtisadiyyatına , hərbi potensialına böyük zərbə dəyib. Bundan əlavə Rusiya həm də sanksiyalar altındadır.
Rusiya ABŞ-ın dəvətinə verdiyi cavabla, yəni, bu gedişi ilə ən azından sanksiyarın gücünü zəiflətmək istədiyini anlatdı. İndi qalır ABŞ administrasiyasının Rusiya hökumətinə verəcəyi cavaba. Məhz bu cavabdan sonra bu addımın yaxınlaşmada ilk mərhələ olduğunu demək mümkündür",-deyə hərbi ekspert bildirib.
Bütün Qərb Putinin Ukrayna işğalına qarşıdır və daha sərt çıxışlar edirlər. Sizcə, ABŞ Avropa dövlətlərinin əksinə gedərək Putinə müsbət cavab verə bilərmi?
"Bəli, ABŞ-la Avropa ölkələri arasında gərginlik var. Tramp Fransa, Almaniya, Böyük Britaniya və Avropa İttifaqı ölkələrini sanksiya və rüsumlarla hədələyib. Hətta, Qrenladiyanı tutmaq üçün hərbi gücdən istifadə edəcəyini istisna etmir. Bu səbəblə Avropa dövlətləri ilə ABŞ arasında gərginlik var. Danimarka Qrenlandiyaya əlavə hərbi qüvvə yerləşdirdi, Fransa, Böyük Britaniya, Kanada, Niderland, Norveç və İsveç Almaniya, Qrenlandiyaya hərbi qüvvələr göndərir. Yəni,ABŞ və Avropa dövlətləri arasında belə gərginlik var ikən , ABŞ-ın Rusiyanın şərtini qəbul edəcəyi də məlum deyil. Elə öz ölkəsində də Trampa münasibət birmənalı deyil və bu münasibət Trampın Putinin şərtinə müsbət cavab verərsə daha da kəskinləşəcəyi məlumdur. Görək, Tramp hansı qərarı verəcək ki, biz də bu “dəvət”i yaxınlaşmada atılan ilk addım hesab edək",-deyə polkovnik bildirib.
Xatırladaq ki, Putin Trampın dəvətinə belə cavab verib:“Belə bir qərar təşəbbüsün beynəlxalq xarakteri və Moskvanın qlobal sabitliyin gücləndirilməsindəki marağı nəzərə alınmaqla verilə bilər. ABŞ-ın təşəbbüsü, ilk növbədə, Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, kəskin beynəlxalq böhranların həll yollarını tapmağa yönəlib. Rusiya ənənəvi olaraq beynəlxalq vəziyyətin sabitləşdirilməsinə yönəlmiş səyləri dəstəkləyir. Rusiyanın Sülh Şurasında iştirakı ilə bağlı yekun qərar hələ verilməyib. Müvafiq göstəriş Rusiya Xarici İşlər Nazirliyinə verilib. Yalnız Xarici İşlər Nazirliyi alınan sənədləri nəzərdən keçirdikdən və strateji tərəfdaşlarımızla məsləhətləşdikdən sonra bizə göndərilən dəvətə cavab verə biləcəyik”.