Medianews.az
Həkimdən xəbərdarlıq: hər 4 qadından birində yumurtalıq rezervi azalır
122 baxış

Həkimdən xəbərdarlıq: hər 4 qadından birində yumurtalıq rezervi azalır

Mütəxəssislər qadınlarda ana olma yaşının artması ilə yumurtalıq rezervinin azalmasının daha ciddi problemə çevrildiyini bildirir.

Medianews.az xəbər verir ki, türkiyəli ginekoloqu Prof. Dr. Murat Ekinin sözlərinə görə, yumurtalıq rezervi 20-30 yaşlarda yüksək olur, 30 yaşdan sonra azalır, 35 yaşdan etibarən isə bu proses sürətlənir. Araşdırmalara əsasən, aşağı yumurtalıq rezervi hər 4 qadından birində müşahidə oluna bilər.

Həkim qeyd edir ki, genetik faktorlar, erkən menopoz riski, endometrioz, əvvəlki yumurtalıq əməliyyatları, kimyaterapiya və radioterapiya bu riski artırır. Eyni zamanda, evlilik və uşaq sahibi olma yaşının gecikməsi də vəziyyəti daha kritik edir.

Mütəxəssis yumurtalıq sağlamlığını qorumaq üçün stressdən uzaq durmağı, keyfiyyətli yuxunu, ideal çəkini saxlamağı və mütəmadi idmanı tövsiyə edir. Siqaret, alkoqol və zərərli kimyəvi maddələrdən uzaq qalmaq da vacib sayılır.

Qidalanmada isə Aralıq dənizi pəhrizinin seçilməsi, fast food və yüksək şəkərli qidalardan imtina edilməsi məsləhət görülür. Badam, qoz, avokado kimi məhsullar və A, C, D, E vitaminləri, eləcə də omeqa-3, sink və selen kimi əlavələrin faydalı olduğu bildirilir.

Həkimlər yumurtalıq rezervinin AMH testi və ultrasəs müayinəsi ilə izlənilməsinin vacibliyini vurğulayır və ehtiyac olduqda yumurta dondurma kimi metodların tətbiq oluna bildiyini qeyd edirlər.

Medianews.az

 

 

Bizə qoşulun