Dünən "Qarabağ" futbol klubunun Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə oyununda meydanın qəhrəmanlarından biri də Elvin Cəfərquliyev idi. Bu oyunçu bu il fantastik performans göstərir. Halbuki ötən il Elvini necə tənqid edirdik...
Adam oyundan emosionallığı yığışdırıb, mənasız qırmızı vərəqələri dayandırdı. Əsəblərinə hakim olmağa başladı. Bununla yanaşı, möhtəşəm cinah şığımağı və dəqiq pasları ilə seçilir. Sol cinah çox təhlükəli hala gəlib.
Üstəlik, ikinci bir azərbaycanlı oyunçu - Bəhlul Mustafazadə. Çempionlar Liqasında qol vuran ilk azərbaycanlı oyunçu kimi tarix yazdı. Təkcə bu iki nümunə artıq "milli futbolçu yoxdur" anlayışını yavaş-yavaş alt-üst etməyə başlayır.
Deməli, cavab sadədir: istedad və potensial var, sadəcə doğru əllərdə olmalıdır. Burada Qurban Qurbanov faktoru da var ki, bu oyunçulara vaxtında etdikləri səhvlərə görə şans verib, onları inkişaf etdirib. Bəlkə də Nərimanda da bunu etmək istəyirdi, amma bəzən birdən-birə alınmır və bu, çox riskli olur.
Ümumiyyətlə, son dəqiqə qolunda əsas məqam Bikalonun müdafiədən gələn topu sanki qapıya vuracaqmış kimi edib oyunçuları üzərinə çəkməsi və master-klass səviyyəsində topu cinaha, Silvaya ötürməsi idi. Qolun əsas bünövrəsi məhz bu idi.
Bu ötürmə Bikalonun birinci buraxdığımız qolda etdiyi səhvi tamamilə yudu. Qol isə haqsız da olsa penaltiyə səbəb olan Bəhluldan gəldi. Özlərini günahkar hiss edən iki oyunçu, sadəcə, fantastik bir sonluğa imza atdı.
İndi gözlər son turdadır. Son turda isə oyunun adı "Dumanlı Albion"da "Liverpul”–“Qarabağ”dır. Oyuna baxmadan, sadəcə oyunun adına baxmaq belə insanda möhtəşəm hisslər oyadır.
Futbol möcüzəsi baş verməsə, "Qarabağ" FK növbəti mərhələdədir. İndi rəylərdə yazın: hansı hallarda "Qarabağ" FK növbəti mərhələyə adlayır? Riyazi olaraq çox variasiya var.
Fərid Pərdəşünas,
bloqçu