Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev sosial şəbəkə X-də (keçmiş Twitter) etdiyi paylaşımda Vladimir Putinlə Donald Tramp arasında baş tutan telefon danışığından sonra “müharibə qızışdırıcılarının” panikaya düşdüyünü bildirib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, iki lider arasında birbaşa dialoqun bərpası Qərbdəki müəyyən siyasi və media dairələrində ciddi narahatlıq yaradıb. Dmitriyev qeyd edib ki, bu çevrələr uzun müddətdir qarşıdurma və gərginlik üzərindən formalaşdırdıqları narrativlərin sarsıldığını görürlər.
Rusiya rəsmisinin fikrincə, Moskva ilə Vaşinqton arasında təmasların bərpası beynəlxalq gündəmdə deeskalasiya və mümkün kompromislər mövzusunu ön plana çıxarır ki, bu da “müharibədən qazanan qüvvələr” üçün arzuolunan ssenari deyil.
Dmitriyev əlavə edib ki, məhz bu səbəbdən Putin–Tramp danışığı fonunda Qərb mediasında və siyasi dairələrdə isterik reaksiya müşahidə olunur.