Medianews.az
Daha yaxşı Məzahir
43 baxış

Daha yaxşı Məzahir müəllim

Məzahir müəllim yenidən MSK sədri seçilməsi münasibətiylə demişdir ki, etimadı doğruldacaq və daha da yaxşı işləyəcəkdir.

Şübhə etmirik. Etimad söhbətinə. “Daha yaxşı işləyərək” nə edə bilər, bax, bunu fikirləşmək çox çətindir. Çünki həyatda müəyyən rekordlar var, onları qırmaq adətən mümkün olmur. Məsələn, hindistanlı Şridxar Çillal 2014-cü ildə dünyanın ən uzun dırnağına malik olmuşdur. O, 60 il ərzində dırnaqlarının 1 metr 98 santimetrə çatmasına nail olmuşdur. Britaniyalı Tomas Bleksorn dili ilə 13 kilo qaldırmışdır. Almaniyalı Anita Şvars 19 pivə bakalını 40 metr daşımışdır və sairə. Bəs Məzahir müəllim 75 yaşınacan seçkilərimizdə hansı yaxşı, yaddaqalan əməllər törətmişdir? Ən azından, mən bir rekorda canlı şahidəm: rəhmətlik Hacı Madəri 40 il bizim dairədən deputat seçmişdir.

Doğrusu, indi də rəhmətlik deputatımızdırmı, dəqiq bilmirəm, çünki onun özü də bir növ dünya rekordçusu idi, təbliğat plakatları yapışdırmadan, xalqla görüşlər keçirmədən həmişə deputat olmağı bacarırdı.

Sözgəlişi, bu yaxında bir keniyalı marafonçu da dünya rekordu qırdı, 42 kilometri 2 saatdan az müddətə qaçmağa nail oldu. May ayında Bakıda marafon keçiriləcək, bəlkə Məzahir müəllim “daha yaxşı işləyəcəm” deyərkən bu yarışa qatılacağını nəzərdə tutur?

Niyə biz marafonu 5-10 dəqiqəyə qaçmayaq? Məncə bizim MSK-da və onun yenilənmiş sədrində bu potensial vardır.

Mənim bu mövzuya müraciət etməyimin səbəbi də elə həmin potensialı artırmaqdır, çünki Məzahir müəllim açıqlamasında jurnalistlərə toxunmuşdur: “Haqqımda çoxlu yazırlar, sağ olsunlar. Onlar haqqında heç nə deməyəcəyəm. Bu yazılar məni daha da güclü edir”.
Bəli. Mən də yazdım ki, Məzahir müəllim güclənsin, 42 kilometri qısa müddətə dəf edib Azadlıq meydanında yerə yıxılsın, “Biz qalib gəldik!” söyləsin və... uzun yaşasın. 75 yaş nədir ki? Adamlar var, 88 yaşında da dünyanın ən intriqalı nöqtələrindən olan yazıçılar ittifaqını idarə etməyi bacarırlar. Sənə elə bir məkandan danışıram ki, orda sədrin infarktı, “şairin hökmdardan şairin başını istəməyi” adi haldır. Maşallah, MSK-da heç vaxt belə gərginliklər yaşanmır, qurd quzu ilə, seçici namizədlə, bülleten protokolla, mürəkkəb barmaqla qucaqlaşır.

Bayaq rekordlardan yazdım, yadımdan çıxmamış, təzəlikcə Londonda dünyanın ən uzun tiramisu şirniyyatı hazırlanmışdı. Deyir tiramisu 440 metrə çatırmış. Məncə boş şeydir, biz Sumqayıtda vaxtilə kainatın ən uzun paxlavasını bişirmişdik. Camaat indiyəcən o paxlavanı yeyir, bəzən buna görə Bakı-Sumqayıt sürət qatarı üçün əlavə reyslər buraxmaq lazım gəlir.

Ümumiyyətlə, insanların həyat və yaradıcılıq potensialının tam açılması üçün bizdə hər cür şərait var, daha yaxşı işləməyib neyləyəcəksən ki? Yaxşı işləməyənlər 90-cı illərdə, AXC-Müsavat cütlüyünün dövründə qalmışdır. Atalarımız demişkən, çörəyi ver çörəkçiyə, üstündə kürü yaxmacı ilə. Adam var, ayağında 3 barmaq olsa da əsgərliyə aparıblar. Metroda hərəkət dayananda bir-iki nəfərin halı pisləşmişdi, metro rəhbərliyi sonra onların evinə getdi, söz verdilər ki, növbəti stansiyanı birbaşa həyətlərində qazacaqlar, əziyyət çəkməsinlər deyə.

Cabbarlı adına kinostudiyada əməkdar qrim ustasının otağını remont eləyirdilər, bəzi yoldaşlar buna görə səs-küy salmışdı. Deyir qrimçini küçəyə atıblar, üzərində iş gördüyü qrim masasını doğrayıblar və sairə. Bah, böyük iş olub... Kino çəkilmirsə, nəyi qrimləyirlər? Yəqin gəlin bəzəyirmiş.

Digər tərəfdən, bax, həmin 90-cı illərdə onun masasını yox, özünü doğrayıb studiyadan çıxarardılar. Siyavuş müəllim dəfələrlə bu haqda açıqlama verib, deyir məni o zaman neçə dəfə küçədə güllələyib öldürdülər.

Sonda bir daha fürsətdən istifadə edərək Məzahir müəllimi təbrik edir, ona uğurlar diləyirəm. Onun uğuru bizim hamımızın uğurumuzdur.

Bizə qoşulun