Cənubi Çin dənizində - Pekin və Filippin arasında mübahisəsi gedən Huanyan adası yaxınlığında gəminin çevrilməsi nəticəsində azı iki nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, batan yük gəmisi Filippindən Çinin cənubundakı Quandun bölgəsinə üzürmüş.
Göyərtəsində 21 nəfər olan gəmi adadan təxminən 55 dəniz mili şimal-qərbdə ikən onunla əlaqə kəsilib.
Məlumata görə, 14 heyət üzvü xilas edilib, həkimlər daha bir nəfərin həyatı uğrunda mübarizə aparırlar.
Xilasedicilər qalan heyət üzvlərinin axtarışını davam etdirirlər.
Xəbərdə bildirilir ki, Çin uzun illərdir Cənubi Çin dənizindəki ayrı-ayrı adaların ərazi mülkiyyəti ilə bağlı bir neçə ölkə ilə mübarizə aparır. Həmin ərazilərdə dənizdə əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar edilib. Çinin ərazi mübahisələri Bruney, Vyetnam, Malayziya və Filippinlədir.