Yeni elmi araşdırma ağırlıq məşqlərinin təkcə əzələ inkişafı və forma saxlamaq üçün deyil, həm də uzunömürlülük üçün mühüm rol oynadığını ortaya qoyub.
Medianews.az xəbər verir ki, bununla bağlı ABŞ-da təxminən 150 min nəfərin iştirakı ilə 30 il ərzində tədqiqat aparılıb.
Nəticədə məlum olub ki, həftədə 90-120 dəqiqə güc məşqi edən şəxslərdə erkən ölüm riski 13 faiz daha aşağıdır.
Mütəxəssislərin bildirdiyinə görə, ən aşağı ölüm riski isə ağırlıq məşqlərini qaçış, gəzinti, üzgüçülük və velosiped kimi aerobik fəaliyyətlərlə birləşdirən insanlarda qeydə alınıb. Həftəlik 150 dəqiqə aerobik idmana əlavə olaraq 1-2 saat güc məşqi edənlərdə isə erkən ölüm riskinin 45 faizə qədər azaldığı müəyyən edilib.
Alimlər əzələ toxumasının qan şəkərinin tənzimlənməsi və iltihabın azaldılması kimi vacib proseslərdə rol oynadığını vurğulayaraq, müntəzəm idmanın daha uzun və sağlam həyat üçün əsas faktor ola biləcəyini bildiriblər.
Araşdırma “British Journal of Sports Medicine” jurnalında dərc edilib./Publika.az