Bakı sakini 73 min manatının dələduzluq yolu ilə ələ keçirildiyini deyir.
Medianews.az bildirir ki, “Qafqazinfo”ya müraciət edən Fərdi Tahirov iddia edib ki, iş görmək adı ilə ondan pul alan tanışı Toğrul Sevdimaliyev sonradan onu aldadıb.
Şikayətçinin sözlərinə görə, Toğrul Sevdimalıyev yüksəkvəzifəli şəxslərin qohumlarının adından istifadə edərək dəmir ticarəti ilə məşğul olacağını deyib və bu bəhanə ilə ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 73 min manat pul alıb.
Tahirov qeyd edir ki, Toğrulun qazanacağı gəlirdən ona pay verəcəyini gözlədiyi halda, verdiyi 73 min manatı da geri ala bilməyib. O, bunun üçün qarşı tərəfə bir neçə ay vaxt versə də, üstündən xeyli müddət keçməsinə baxmayaraq, pulu qaytarılmayıb.
Şikayətçi Toğrulun hazırda Naxçıvanda olduğunu əlavə edib və aidiyyəti qurumlardan şikayətinin dərindən araşdırılmasını xahiş edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1981-ci il təvəllüdlü Toğrul Sevdimalıyevin bir neçə vətəndaşa qarşı hüquqazidd əməllər törətməsi ilə bağlı araşdırma aparılır.
Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb.