Medianews.az
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT -
74 baxış

“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - VİDEO

Ucarın mərkəzində, Oğuz küçəsində yerləşən və sovet dönəmindən qalan Pambıq Emalı Zavodu illərdir ərazidə yaşayan insanların həyatını cəhənnəmə çevirib.

Musavat.com-a müraciət edən sakinlər deyirlər ki, zavod dörd tərəfdən yaşayış evləri ilə əhatə olunub və illərdir həmin evlərdə rahat yaşamaq mümkün deyil.

Onların sözlərinə görə, müəssisə səhər saat 9-dan axşam 11-ə qədər fasiləsiz işləyir, köhnə avadanlıqların yaratdığı dəhşətli uğultu isə ətrafı yaşanmaz hala salıb:

“Bu səs-küyü 4-5 kilometr aralıdan da hiss edirik. Axşam evə gəlirik, sakitlik yoxdur, başımızda küy dayanmır. Elə bil evin içində traktor işə düşüb. Tüstünü, tozunu demirik – nəfəs almağa yer qalmayıb. Küçəmizdə 7-8 nəfər onkoloji xəstə var. Nəfəs almaqları belə əzaba çevrilib”.

Şikayətçilərin sözlərinə əsasən, emala gətirilən pambıq kol üzərində olarkən kimyəvi maddələrlə işlənir və həmin iy bütün məhəlləni bürüyür:

“Zəhər iyi gəlir. Bir anlıq havaya çıxa bilmirik. Nəfəs borularımız yanır. Hara müraciət edirik, cavab yoxdur. Sanki biz burada yaşayış yox, məhbus həyatı yaşayırıq”.

pambiq2.jpg (50 KB)

Sakinlər daha ciddi bir məqamı da qeyd edirlər: Ucarın çıxacağında, Bakı–Qazax yolunun kənarında, meşəlik ərazidə yeni pambıq zavodu tikilib, lakin müəssisə nədənsə işləmir:

“Orada ideal yer var, amma boş saxlanılır. İki maşın pambıq ora, dörd maşın pambıq yenə buradakı köhnə zavoda gətirilir. Bizi boğmaq üçün sanki qəsdən belə edirlər. Niyə? Çünki köhnə avadanlığı dəyişmək, filtr qoymaq istəmirlər”.

Sakinlərin sözlərinə görə, dəfələrlə baxış keçirilib, filtr quraşdırılacağı vəd olunub, amma vədlər elə kağız üzərində qalıb:

“Hər dəfə deyirlər ki, sifariş verilib. Aylar keçir, illər keçir, filtri görən yoxdur. Filtrsiz bunkerlərin ağzından toz yağış kimi yağır. Bizi eşidən yoxdur”.

pambiq3.jpg (64 KB)

Pambıq zavodu yaşayış məhəlləsi ilə üz-üzə ola bilərmi? – Dünya təcrübəsi nə deyir?

Musavat.com-un araşdırmasına görə, pambıq emalı müəssisələri səs-küy, toz və kimyəvi buxarlar səbəbindən bir çox ölkələrdə yüksək riskli sənaye kateqoriyasına daxildir. Buna görə də bu tip müəssisələrin yaşayış evlərindən müəyyən məsafədə yerləşməsi beynəlxalq normadır.

ABŞ (EPA): Zavodlarla yaşayış zonası arasında 500–800 metr məsafə tələb olunur.

Türkiyə: “Orta riskli sənaye” kimi təsnif olunan bu müəssisələr evlərdən 300–1000 metr aralı tikilir.

Avropa Birliyi: Akustik və hava çirklənməsi zonası nəzərə alınaraq 400–700 metr məsafə qoyulur.

Azərbaycan normativləri: Səs-küy və toz emissiyası yüksək obyektlər yaşayış yerindən ən azı 300 metr uzaqda olmalıdır.

Ucarda isə zavod evlərin demək olar ki, içindədir və bu, heç bir normaya uyğun gəlmir. Ekspertlər qeyd edirlər ki, belə müəssisələrdə mütləq toz tutan filtrlər, səs izolyasiyası, yaşıl bufer zonası, müasir ventilyasiya sistemi olmalıdır. Ucardakı zavod isə bunların heç biri ilə təchiz edilməyib.

Ucar sakinlərinin şikayətləri təkcə narazılıq deyil – bu, artıq sağlamlıq və təhlükəsizlik məsələsidir. Dünya üzrə belə zavodlar yaşayış məhəlləsinin mərkəzində fəaliyyət göstərə bilməz. Üstəlik, eyni rayonda daha uyğun ərazidə yeni zavod tikilibsə, köhnənin hələ də işlədilməsi suallar doğurur.

Bizə qoşulun