Medianews.az
“Bir otaqlı sadə evdə yaşayıram, kasıblığımdan utanmıram” -
1,691 baxış

“Bir otaqlı sadə evdə yaşayıram, kasıblığımdan utanmıram” - Mehriban Xanlarova nazirin qəbulunda olsaydı nə istərdi? - MÜSAHİBƏ+ÖZƏL

Əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Mehriban Xanlarova Medianews.az-ın suallarını cavablandırıb.

- Mehriban xanım, bu gün doğum gününüzdür. Adətən insan doğum günündə özünə və yaxınlarına nələrsə arzulayır. Bəs siz necə?

-Mənim üçün hər doğum günü sadəcə yaşın artması deyil, həm də təcrübənin, sevgilərin, duaların çoxalmasıdır. Özümə və yaxınlarıma ilk növbədə sağlamlıq arzulayıram. Sağlamlıq varsa, hər şey var. Bir də arzulayıram ki, həyatımızda sevgi, mərhəmət, dostluq hissi heç zaman tükənməsin. Qoy hamımızın qapısı yaxşı xəbərlərlə açılsın, evimizdən gülüş və xoş enerji əskik olmasın.

- Sənətdə istədiyiniz nöqtəyə çatandan sonra yenə də çalışacaqsınız? Ümumiyyətlə sizin üçün sənətin zirvəsi varmı?

- Mən sənətdə 18 yaşımdan bu günə qədər zirvədəyəm. Amma bu dayanmaq üçün səbəb deyil. Mənim üçün hər səhnə yeni bir meydandır, hər tamaşa isə özümü bir daha sübut etmək imkanıdır. Zirvə dediyiniz mənim başladığım yerdir, ondan sonrası isə tarix yazmaqdır.

- Zirvəyə qalxmaq da çətindir. Yəqin ki, sənətdə yolunuzu kəsən insanlar da olub. Onları bağışlamısız?

- Mənim yolumu kəsmək istəyənlər oldu, amma unudurlar ki, günəşin qarşısına kölgə salmaq mümkün deyil. Onları bağışladım, çünki mənim yüksəlişimə mane ola bilməyəcəklərini çoxdan gördülər. Mən öz yolumdayam və heç kim mənim əzmkarlığımı dayandıra bilməz.

- Özünüz-özünüzə nəyi hesabat verirsiz? Olubmu özünüzə verdiyiniz suala heç özünüz cavab tapmamısız?

- Özümə ən çox hesabat verdiyim şeylər ailəmdir. Onlara yetərincə vaxt ayırıb-ayırmadığım, sənətimlə bağlı səhnədə verdiyim hər çıxışın keyfiyyətidir və məni sevən tamaşaçıların sevgisini, güvənini doğrultmaqdır. Suallar qarşısında isə əsas dürüst olmaq və davamlı özünü inkişaf etdirmək lazımdır.

- Həyatın ağır sınaqları üz-üzə qalan Mehriban xanım üçün bundan sonra nə ağır sınaq sayıla bilməz?

- Həyatın ağır sınaqları mənim üçün heç vaxt son olmayıb. Anka quşu kimi küllərimdən yenidən doğuram. Mənim üçün ağır sınaq sayılacaq tək şey içimdəki ümid və əzmimin sönməsi ola bilər. Amma o heç vaxt sönmür, çünki gücümü ailəmdən, sənətimdən və xalqımızın sevgisindən alıram.

- Siz həm də cəsarətinizə görə digər həmkarlarınızdan fərqlənirsiniz. Mədəniyyət Nazirinin qəbulunda olsanız və o sizi şəxsən qəbul etsə ondan nə istərdiniz? Xahişiniz nə olardı?

- Özüm üçün qətiyyən heç nə istəməzdim. Baxmayaraq ki, şəxsi həyatımda çətinliklərim çoxdur... Mədəniyyət Nazirinin qəbulunda olsam, bütün həmkarlarımın adından ortaq problemlərimizi, çatışmazlıqları açıq şəkildə ortaya qoyardım. Mənim heç vaxt sırtıqlığım olmayıb və özüm üçün kiminsə qapısını döyməyi sevmirəm.

- Səhnədə bərli-bəzəkli donlarda olan və bəzən də varlı qadın obrazları yaradan Mehriban xanım əslində bir otaqlı sadə evdə yaşayır.. Amma bəzi sənətçilər var ki, kasıb olduğunu gizlədir, sanki bu halından utanır.

- Ümumiyyətlə mən kasıb olmağımdan heç vaxt utanmamışam və heç vaxt da utanmayacağam. Maddi vəziyyət insanın dəyərini müəyyənləşdirmir. Əslində, kasıb olmaq bəzən insanın ruhunu daha da gücləndirir, zəhmətin və əzmin təməlini qoyur. Mənim üçün önəmli olan ürəyimin böyüklüyü, sənətimə olan sevgim və çalışqanlığımdır. Gələcək nəsillər məni təkcə maddi zənginliyimlə deyil, əksinə, bir otaqlı sadə evdə, böyük ürək və böyük ruhla yaşayan sənətkar kimi xatırlayacaq. Mənim həyatım, sənətim və mübarizəm göstərir ki, ən böyük sərvət insanın daxili aləmi və yaratdıqlarıdır. Bu baxımdan, mənim üçün kasıb olmaq utanc deyil, əksinə, dəyər və qürur mənbəyidir. Hər kəsə demək istəyirəm ki, maddi zənginlikdən çox insanın əməlləri, ürəyi və sənəti önəmlidir. Mənim hekayəm də bunu sübut edir.

- Mehriban xanım həyatında etdiyi hansı səhvə görə peşmandır?

- Həyatımda peşman olduğum ən böyük səhv, sevgimi və əziyyətimi layiq olmayan insanlara verməyim olub. Mən hər şeyi ürəkdən, səmimi şəkildə edirdim, qarşılıq gözləmədən, sadəcə insanlara dəyər vermək istəyirdim. Amma zamanla gördüm ki, bəziləri bu dəyəri qiymətləndirmir, hətta istifadə edir və xəyal qırıqlığına səbəb olur. Bu təcrübə mənə ağır olsa da, çox şey öyrətdi. İndi daha seçici, daha diqqətli olmuşam. Özümü və enerjimi, hörmət etdiyim, qiymət verən insanlara yönəltməyi öyrəndim. Həyatın ən qiymətli sərvəti olan sevgini, əzmkarlığı və inamı düzgün yerlərə vermək lazımdır. Bu səhv mənim üçün həm dərs, həm də güc mənbəyidir. Çünki məni daha möhkəm etdi, daha ağıllı və həssas insan kimi yetişdirdi. Peşmanlıq hissindən çox bu təcrübəyə görə minnətdaram. O mənə göstərdi ki, kimlərə güvənməli, kimləri həyatıma buraxmalıyam.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun