"Bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi tərəfindən qablaşdırma həcminə uyğun olaraq yerli və idxal olunan qeyri-meyvə araqlarının pərakəndə satış üçün minimum qiymətləri təsdiqlənib və qərar noyabrın 24-dən qüvvəyə minib".
Medianews.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, lakin həmin minimum qiymətlər yalnız pərakəndə satışa şamil olunur və istehsal müəssisələrini əhatə etmir:
"Qərarın qüvvəyə minməsindən sonra istehlakçılardan AİİB-ə daxil olan məlumatlar və aparılan araşdırmalar göstərir ki, istehsalçılar üçün minimum satış qiyməti müəyyən edilmədiyindən bəzi istehsalçılar ticarət şəbəkələrinə, şadlıq evlərinə və ictimai-iaşə obyektlərinə hətta maya dəyərindən aşağı qiymətlərlə keyfiyyətsiz araq (vodka) məhsulları təklif edirlər".
AİİB sədrinin sözlərinə görə, 2026-cı ildən etibarən 1 litr araq üçün 5 manat aksiz vergisi tətbiq olunacaq, üzərinə isə 1,20–1,50 manat ƏDV əlavə ediləcək:
"Bu da o deməkdir ki, yalnız vergi yükü 6,20–6,50 manat təşkil edir. Məhsulun maya dəyəri, istehsal xərcləri və rentabellik nəzərə alındıqda, 1 litrlik qablaşdırılmış arağın istehsalçılar üçün minimum satış qiyməti təxminən 14 manat olmalıdır. Lakin bizə daxil olan məlumatlara əsasən, bəzi istehsalçılar regionlarda 1 litrlik araqları 6–7,5 manat qiymətə təklif edirlər. Mənbəyi və mənşəyi bəlli olmayan bu məhsulların keyfiyyəti ciddi şübhə doğurur.
Onun fikrincə, qərar qüvvəyə minənədək istehlakçılar ucuz araq alaraq yalnız keyfiyyətdə uduzurdularsa, hazırda həm qiymət, həm də keyfiyyət baxımından zərər görürlər və bu da narazılığa səbəb olur:
"Azərbaycanda 2016-cı ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı lisenziya tələbi ləğv edilib. Halbuki dünyanın əksər ölkələrində bu sahə lisenziyalarla tənzimlənir. Lisenziyalar ləğv olunana qədər ölkədə 19 şərabçılıq, 8 araq istehsalçısı fəaliyyət göstərirdisə, hazırda araq istehsalçılarının sayı 90-a yaxınlaşıb".
Eyyub Hüseynov bildirib ki, nəzarət mexanizmlərinin zəifliyi ucuz və keyfiyyətsiz araq məhsullarının bazara daxil olmasına, idxal məhsullarının yerli istehsalı sıxışdırmasına şərait yaradır:
"Bu səbəbdən haqsız rəqabətin qarşısının alınması, istehlakçı maraqlarının qorunması və bazarın sağlamlaşdırılması üçün minimum qiymət tələbinin istehsal müəssisələrinə də tətbiq olunması və bu sahədə ciddi monitorinqlərin aparılması zəruridir".
29.12.2025, 21:45
108 baxış
Vüqar