Medianews.az
Bilirsinizmi? - Neçə türk dövləti öz əlifbasını dəyişməli olacaq? –
248 baxış

Bilirsinizmi? - Neçə türk dövləti öz əlifbasını dəyişməli olacaq? – EKSKLÜZİV

Ortaq türk əlifbası - latın qrafikalı vahid türk əlifbası deməkdir. Sadə şəkildə izah etsək bu o deməkdir ki, türk xalqlarının hamısı, təbii ki, ilk növbədə türk dövlətləri, birincisi, latın qrafikalı əlifbaya keçir; ikincisi, bu əlifbaya keçərkən vahid bazadan – 34 hərflik ortaq əlifbadakı hərflərdən yararlanır, özünə lazım olan hərfləri yalnız bu bazadan götürür, fərqli hərf (qrafik işarə) qəbul etmir, nəticədə eyni səslər eyni hərflə, yəni “a” səsi hər yerdə “a”; “ce” səsi hər yerdə “c”; “şe” səsi hər yerdə “ş” kimi yazılır. “Ə” səsi üçün isə iki variantdan birini seçmək təklif olunur: “Ə, ə”, ya da “Ä, ä”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli Medianews.az-a müsahibəsində deyib ki, vahid əlifba ideyasının yüz illik tarixi var: “1926-cı ildə Bakıda təşkil olunan Birinci Türkoloji Qurultayda qarşıya qoyulan məsələlərdən biri türk xalqlarının latın qrafikalı əlifbaya keçməsi, eyni zamanda bu məqsədlə latın qrafikası əsasında ortaq bir əlifbanın hazırlanması idi. Gələn il qurultayın 100 ili tamam olur, lakin ortaq türk əlifbası məsələsi həll edilməyib. Bəli, 1928-ci ildə Türkiyə, 1929-cu ildə Azərbaycan, daha sonra digər türk xalqları latın qrafikalı əlifbaya keçmişdi. Ancaq 1930-cu illərin sonunda Sovet İttifaqında bu proses dayandırıldı, türk xalqları, o cümlədən Azərbaycan kiril əlifbasına keçirildi”.

Professor Nadir Məmmədlinin fikrincə, 1920-ci illərdə Azərbaycana və Sovet İttifaqı ərazisində yaşayan digər türk xalqlarına latın qrafikalı əlifbaya keçmək imkanı verilməsində məqsəd o idi ki, bu xalqları ərəb qrafikalı əski əlifbadan uzaqlaşdırsınlar, sonra kiril əlifbasına keçirsinlər: “Yəni sovet liderləri latın qrafikasının qəbuluna tramplin mərhələ, kiril əlifbasına keçidi asanlaşdırmağın yolu kimi baxırdı.

1939-cu ildə Sovet İttifaqında türk xalqlarını kiril əlifbasına keçirəndə daha bir hiyləgərliyə əl atıldı: türkdilli respublikaların heç birinin əlifbası bir-biri ilə tam üst-üstə düşmədi. Yəni Sovet İttifaqı ərazisində yaşayan türk xalqlarının hamısı kiril qrafikalı əlifbaya keçsə də, həmin əlifba heç də onlar üçün ortaq bir əlifba olmadı.

1990-cı illərdə Sovet İttifaqının süqutu yenidən latın qrafikasına qayıdış şansı verdi. Azərbaycan bu şansdan dərhal istifadə etdi. 1990-cı ildən, hələ Sovet İttifaqı dağılmamışdan yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürüldü, tez də bəhrəsini verdi. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunan kimi latın qrafikalı əlifbaya qayıdıldı. Türkiyənin əlifbasında 29 hərf var. Biz həmin hərflərin hamısını tətbiq etdik, sadəcə əlifbamıza üç hərf (ə, q, x,) də əlavə etdik.

1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunsa da, icrası bir qədər uzandı. Bu prosesə Ulu öndər Heydər Əliyevin 18 iyun 2001-ci il fərmanı ilə nöqtə qoyuldu. 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün qurumlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi, kiril əlifbasından istifadə qadağan olundu.

Sovet İttifaqının süqutu ilə dövlət müstəqilliyini bərpa etmiş Mərkəzi Asiyanın türk respublikalarında (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) isə proses hələ yekunlaşmayıb. Həmin respublikalar latın qrafikasına keçmək üçün yeni əlifbalar hazırlayıb qərarlar qəbul etsələr də, orada hələ ilk növbədə kiril əlifbasından istifadə edilir. Qazaxıstan 2025-ci ildə latın qrafikasına keçməyi nəzərdə tutub, amma il başa çatmaq üzrədir, hələ keçməyiblər”.

Nadir Məmmədli vurğulayıb ki, indi məsələ təkcə Mərkəzi Asiyanın türk dövlətlərinin latın qrafikasına keçməsində deyil: “Məsələ həm də ondadır ki, onlar bu qrafika əsasında hansı əlifbanı qəbul edəcəklər”.

Türk dövlətlərinin ortaq əlifbadan istifadə etməsi üçün Türk Dil Qurumunun və Beynəlxalq Türk Akademiyasının latın qrafikası əsasında ortaq əlifba hazırladığını yada salan professor bildirib ki, bu proses çox böyük zəhmətlə, əziyyətlə başa gəlib: “Biz - Türk Dil Qurumunun və Beynəlxalq Türk Akademiyasının alimlər qrupu Almatıda, Astanada, Bakıda, son dəfə isə Antalyada görüşlər keçirmişik. Hər türk dövlətindən nümayəndələrin iştirak etdiyi bu görüşlərin mərkəzində 34 hərfdən ibarət əlifbanın qəbulu məsələsi dayanırdı.

Çətinliklər nədə oldu? Məsələn, özbəklər deyirdilər ki, bizim əlifbamız üçün 40 hərf lazımdır. Qazaxlar da 34 hərfin onlara kifayət etmədiyini söyləyirdilər. İş bundadır ki, qazaxlarda “ü” hərfinin 6 variantı var. Hərfin yuxarısına, aşağısına, yanına işarələr qoyub fərqli formalara salıblar. Sonuncu dəfə Antalyada görüşəndə biz onlara bir daha Azərbaycandakı [ke] və [ka] analoqundan danışdıq. Dedik ki, biz “k” qrafik işarəsini lazım olanda kolxoz, lazım olanda məktəb kimi oxuyuruq və bu səslərin eyni hərflə ifadə olunması heç bir problem yaratmır. Sözün kontekstində bilirik ki, “k” hərfi [ke], yoxsa [ka] kimi oxunmalıdır. Qazaxları inandıra bildik ki, sizin 6 “ü” hərfiniz bir qrafik işarə ilə qeyd olunsa, sözü oxuyanda düzgün oxunuşa problem yaratmayacaq. Ona görə ortaq əlifbada “ü” hərfinin 6 variantına ehtiyac yoxdur. Bir “ü” hərfi yazın və sözə uyğun tələffüz edin. İnandıra bildik ki, bunu etmək mümkündür. Beləliklə, ortaq əlifbaya qazaxların “ü” hərfinin versiyalarından yalnız biri (Ŭ, ŭ) daxil edildi.

Bütün Mərkəzi Asiya türklərinin, xüsusilə özbəklərin danışığında “sağır nun”, yəni “nq” diftonqu var. Azərbaycanda bəzi dialektlərdə “nq” diftonqu (məsələn, sənə, mənə sözlərinin “sənqə”, “mənqə” kimi deyilməsi) olsa da, ədəbi dilimizdə belə bir şey yoxdur, əlifbamıza həmin diftonqu bildirən işarə - “sağır nun” hərfi salınmayıb. Amma Mərkəzi Asiya üçün bunun əhəmiyyətini nəzərə alıb ortaq əlifbada “nq” diftonqunu ayrıca qrafik işarə kimi qəbul etdik. Yəni ortaq əlifbaya “sağır nun” hərfi (Ň, ň) salındı. Beləliklə, 34 hərflik əlifbanı razılaşdırdıq.

Ortaq türk əlifbasında yalnız “ə” səsinin qoşa variantı var. Biri Azərbaycan əlifbasındakı (Ə, ə), digəri isə Qazaxıstan və Türkmənistanın latın qrafikasına söykənən əlifba layihələrindəki kimidir (Ä, ä). Əlifbasında “ə” səsinin qrafik işarəsinin olmasını istəyən türk toplumu bu variantlardan birini seçə bilər. 

İndi məsələ ondadır ki, heç bir türk dövlətinin əlifbası gərək bu bazadan kənara çıxmaya. Hər kəs öz ədəbi dilində sözləri gərək bu 34 hərflik baza əsasında yaza. Bu o demək deyil ki, hər türk dövlətinin əlifbasında 34 hərf olmalıdır. Yox, söhbət bundan getmir. Söhbət ondan gedir ki, türk dövlətlərinin heç biri bu bazada olmayan qrafik işarədən istifadə etməsin. Yəni fərqli işarə, əlavə hərf qəbul etməsin. Türkiyə əlifbasında 29, Azərbaycan əlifbasında 32 hərf var. Bu hərflərin hamısı ortaq əlifbada mövcuddur. Deməli, Türkiyənin və Azərbaycanın əlifbasında dəyişikliyə ehtiyac yoxdur. Mərkəzi Asiya dövlətləri ilə bağlı vəziyyət isə fərqlidir. Əvvəla, bayaq dediyim kimi, hələ Mərkəzi Asiyanın türk dövlətlərinin heç biri bizdəki kimi latın qrafikalı əlifbaya keçməyib. Orada layihələr qəbul olunub, mətbuatda həmin layihələrdən qismən istifadə edilir, amma tam keçid baş verməyib. Nə qədər ki, bu baş verməyib, onların əlifba layihələrini dəyişdirməsi, ortaq türk əlifbasına uyğunlaşdırması lazımdır.

Məsələn, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın latın qrafikalı əlifba layihələrində “ı” səsi “Y, y” hərfi ilə ifadə olunur. Ortaq əlifbada isə “ı” səsi kimi “I, ı” hərfi qəbul olunub. Özbəkistanın latın qrafikalı əlifba layihəsində “çe” səsi “CH, ch”, “şe” səsi “SH, sh” kimi yazılır. Başqa fərqli məqamlardan da söz açmaq mümkündür. Tutalım, Türkmənistanın layihəsində “W, w” hərfi var, “ve” səsini bildirir. Halbuki ortaq türk əlifbasında bu səs “V, v” qrafikası ilə qəbul olunub”.

Professor Nadir Məmmədlinin sözlərinə görə, Mərkəzi Asiyanın türk dövlətləri əlifba layihələrini dəyişmədən, ortaq əlifbaya uyğunlaşdırmadan yeni əlifbaya keçsələr, çox mürəkkəb situasiya yaranacaq: “Biz bir-birimizin mətnlərini oxumaqda yenə çətinlik çəkəcəyik, Birinci Türkoloji Qurultayın qarşıya qoyduğu məqsədə bu dövrdə də çata bilməyəcəyik.

Beləliklə, Mərkəzi Asiyanın türk dövlətlərinin latın qrafikalı əlifbaya keçməmişdən əvvəl ortaq türk əlifbasını qəbul etmələri lazımdır. Amma bu məsələnin həlli artıq alimlərin yox, dövlət xadimlərinin ixtiyarındadır.

Bildiyiniz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay türk dünyasını ortaq türk əlifbasını qəbul etməyə çağırdı. Bu, əslində Mərkəzi Asiyanın türk dövlətlərinə ünvanlanmış bir çağırışdır. Artıq Türkiyədə ortaq türk əlifbasında kitablar çap olunur. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun əsərləri, “Oğuznamələr” ortaq əlifbada işıq üzü görüb. Bu iş dövlət-hökumət səviyyəsində təşkil olunub.

Türk Dil Qurumu və Beynəlxalq Türk Akademiyası, yəni alimlər, mütəxəssislər artıq öz işini görüb, ortaq əlifbanı razılaşdırıb, altından da qol çəkiblər. Həmin əlifba rəsmi şəkildə türk dövlətlərinin başçılarına təqdim olunub. Bizim Antalyadakı sonuncu görüşümüzdə də bir daha vurğulandı ki, ortaq əlifbanın qəbulu artıq dövlət başçılarının iradəsinə bağlıdır, onların rəsmi qərar verməsi lazımdır. Qərar verilsə, bütün türk xalqları bir-birini rahat oxuya biləcək.

Mərkəzi Asiya dövlətlərinin öz layihələrini dayandırmasına, ortaq əlifbaya söykənən yeni layihələr qəbul etməsinə, sonra da 2001-ci ildə Azərbaycanda Ulu öndər Heydər Əliyevin etdiyi kimi, qəti iradə ilə birdəfəlik latın qrafikasına keçmələrinə ehtiyac var.

Düzdür, Mərkəzi Asiyada hələ bu sahədə bir irəliləyiş yoxdur, amma ümid edirəm ki, olacaq. Bu, çox ciddi, strateji məsələdir. Qarşıdan Birinci Türkoloji Qurultayın 100 iliyi gəlir. Heç olmasa ortaq əlifba məsələsi həll edilməlidir. Heç olmasa yüz ildən sonra ayılmaq, birliyə doğru bu mühüm addımı atmaq lazımdır. Türk ailəsiyik, bu ailə bir əlifbadan istifadə etməlidir. Mətbuat bu mövzunu geniş işıqlandırmalı, məsələ türk dünyasında layiq olduğu aktuallığı qazanmalı, yeni xaosun baş qaldırmaması üçün çağırışlar eşidilməlidir. Əks halda o xaosu aradan qaldırmağa yenə yüz illər lazım olacaq. Ortaq türk əlifbasında bütün türk cəmiyyətlərinin səsini ehtiva edən hərflər var. Axı başqa nə lazımdır?! Gələcəyə ağır miras buraxmamalıyıq”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun

DAHA ÇOX OXU

AZAL-ın təyyarəsinin istintaqı başa çatıb -

AZAL-ın təyyarəsinin istintaqı başa çatıb - BastrıkinProfessor İlham Rəhimov Moskvadakı beynəlxalq konfransda təyyarə qəzasının istintaqı ilə bağlı sual qaldırdı Bu gün Moskvada Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin sədrliyi ilə Beynəlxalq Kriminalistlər Birliyinin konfransı keçirilib. Tədbirə Beynəlxalq Kriminalistlər Birliyinin Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov da Zoom proqramı vasitəsilə qoşulub. Musavat.com news24.az-a istinadən xəbər verir ki, konfransın yekununda professor İlham Rəhimov dekabrın 25-də Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin istintaqı ilə bağlı Rusiya İstintaq Komitəsinin sədrinə sualla müraciət edib. İlham Rəhimov baş verən faciənin Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaratdığını qeyd edərək Bastrıkindən istintaqın gedişi barədə ətraflı məlumat verməsini xahiş edib. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Aktauda baş verən təyyarə qəzasının araşdırılmasına Azərbaycan, Rusiya və Qazaxıstanın təcrübəli mütəxəssislərinin cəlb olunduğunu bildirib. O, daha sonra məlumat verib ki, faciənin bütün səbəb və şəraitinin müəyyən edilməsi üçün kompleks istintaq tədbirləri artıq başa çatıb: “Hazırda istintaq tam yekunlaşıb və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.” Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

17.11.2025, 17:05