İspaniyalı travmatoloq İnes Sançes bildirib ki, bel və onurğa sağlamlığını qorumaq üçün yalnız düzgün qamət və ya bahalı erqonomik mebel kifayət etmir.
Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, bel problemlərinin əsas səbəblərindən biri uzun müddət hərəkətsiz qalmaqdır.
Saatlarla eyni vəziyyətdə oturmaq qan dövranını zəiflədir, əzələləri gücdən salır və oynaqların hərəkətliliyini azaldır. Buna görə də düzgün oturma qaydalarına əməl edən insanlar belə tez-tez bel ağrılarından şikayətlənirlər.
Mütəxəssis vurğulayır ki, bel ağrılarının qarşısını almağın ən etibarlı yolu müntəzəm fiziki aktivlikdir. Onurğa və onu dəstəkləyən əzələlərin normal fəaliyyəti üçün hərəkət vacibdir.
Sançes hər 30 dəqiqədən bir iş masasından qalxmağı, qısa isinmə və ya dartınma hərəkətləri etməyi, həmçinin hər gün açıq havada gəzməyi tövsiyə edir. Onun fikrincə, müntəzəm hərəkət əzələlərin tonusunu qoruyur və dayaq-hərəkət sistemi xəstəliklərinin riskini azaldır.
Medianews.az