Medianews.az
Azərbaycanla birgə hərbi təlim nədən xəbər verir? -
110 baxış

Azərbaycanla birgə hərbi təlim nədən xəbər verir? - AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri məhsuldar oldu”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.

Politoloq bildirib: “Birincisi, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı mövzuları müzakirə edildi.

İkincisi, İlham Əliyev Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələri arasında birgə hərbi təlimlərini izlədi.

Üçüncüsü, İlham Əliyev Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü və iki lider sülh quruculuğunun növbəti mərhələsini müzakirə etdilər. İlham Əliyev və Nikol Paşinyan ötən ilin 8 avqust Vaşinqton görüşündən bir ay əvvəl də məhz Əbu-Dabidə görüşmüşdülər.

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla yanaşı Ermənistana da yatırımlarının həcmini artırıb.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla birgə hərbi təlimlər keçirməsi bu ölkənin Cənubi Qafqazda möhkəmlənməsi istəyindən xəbər verir.

Azərbaycanın Səudiyyə Ərəbistanı və Qətərlə də sıx əməkdaşlığı var. Ancaq hiss olunur ki, BƏƏ fəallığı ilə Cənubi Qafqazda bu iki ölkəni qabaqlamağa çalışır.

Körfəz ölkələri tərəfdaş sayılsalar da, aralarında rəqabət də var. Odur ki, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan və Ermənistanla artan tərəfdaşlığını müşahidə edən Səudiyyə Ərəbistanı və Qətər də Cənubi Qaqafzda möhkəmlənmənin yeni yollarını arayacaqlar”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun