Bakının yaşıllıq problemi illərdir öz aktuallığını qoruyur. Şəhərdə getdikcə yaşıllıqlar artmaqdansa, nə hikmətdirsə, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərə əli çatanların əlində “yaşıl dollar” kütləsi artır. Bu sahə illərdir həm də sükutun, toxunulmazlığın və görünməyən dövriyyələrin kölgəsindədir.
Paytaxtda məzarlıqlardan birində aqrotexniki qulluq tələb edən ağaclarla bağlı uzun müddət mübarizə apardıqdan sonra bu işə cavabdeh qurum olan Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbəri Mirdamət Seyidov barədə internetdə axtarış verdik. Diqqətimizi öncə birliyin rəhbərliyinə 2 il öncə gətirilən təqaüdçü Mirdamət Seyidovun barəsində palaz-palaz “bəy tərifi” yazıları cəlb elədi.
Seyidovu mədh edən yazılar bəs deyincədir. Bu adamın tərəfdarları onu “rəhbərliyə sədaqət nümunəsi”, “əqidə adamı”, “sadə həyat tərzi keçirən məmur” vəsf edib önə çəkirlər. “Mirdamət Seyidovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır”, - mədhiyyənamələrin birində Birliyinin baş direktoru haqda elə belə də yazılıb!
Daha dərindən araşdırma apardıqda isə vəzifəyə gətiriləndən sonra onun yaşıllaşdırma haqda biliklərini şübhə altına alan xeyli məlumat üzə çıxıb. Bu sualların cavabı “dəftər-kitab” üzərində olan, hələ əkilməyən ağacların olmayan yarpaqları qədər səssizdir. “Tər tökən” Mirdamət Seyidov yaşıllaşdırma təsərrüfatını sədaqətlə idarə etməlidir, yoxsa bilik və bacarıqla?
Aydındır ki, bu sahə sadəcə ağac əkməkdən ibarət deyil. Burada büdcə vəsaitləri, tenderlər, əkin materialları, budama aktları, xəstəliklərlə mübarizə adı altında milyonlarla manatlıq xərclər dövr edir. Yaşıllaşdırma uzun illərdir “sakit, amma gəlirli” sahə kimi tanınır. Bir ağacın qiyməti kağız üzərində bir cürdür, faktiki əkilən isə -başqa. Budama aktları var, amma budanmış ağacı görən yoxdur.
Məsələn, Zığ qəsəbəsində yerləşən Zeytunluq massivindəkı qəbiristanlıqda ağaclar illərdir budanmır. Budanma ilə bağlı müraciətləri isə baş direktora yetişdirmək belə mümkün görünmür. Bundan başqa, sənəd üzərində xəstəliklə mübarizə aparıldığı göstərilir, amma dərmanların harada istifadə edildiyini bilən tapılmır.
Bu sahədə “yaşıl dollar” anlayışı təsadüfi yaranmayıb. Ağac kölgəsində böyüyən təkcə bitkilər deyil – şişirdilmiş smetalar, şübhəli müqavilələr, görünməyən dövriyyələr də illərdir kök salıb. Və bu sistemin başına yaşıllaşdırma üzrə mütəxəssis yox, hərbi komissarlıq sistemindən gələn, ixtisasca kimyagər olduğu deyilən bir şəxs dayanır.
Qarabağ veteranı, kənd təsərrüfatı mütəxəssisi, illərlə bu sistemdə çalışmış Məmməd Təvəkkül oğlu Seyidovun Prezidentə müraciəti isə cəmiyyətdə daha ciddi suallar doğurur. Onun dedikləri emosional yox, sahəni bilən adamın narahatlığı kimi səslənir: “Peşəkarları ixtisassız adamlarla əvəz etdilər, ona görə də bu qurumda direktorlar tez-tez dəyişir”.
Bu fikirlərə cavab əvəzinə isə adətən media hücumları, “sifarişli yazı” ittihamları, “ağzıgöyçək jurnalist” ritorikası işə düşür. Halbuki, sual sadədir: sözügedən sferada şəffaflıq varmı, yoxsa ağacların kölgəsi hər şeyi örtür?..
Mirdamət Seyidovun fəaliyyəti haqqında təriflər çoxdur, gəl ki, rəqəmlər az danışır. Bakıda nə qədər ağac əkilib? Neçəsi quruyub? Nə qədəri budanıb? Hansı şirkətlərdən dərman və əkin materialı satın alınıb? Bu işlərin görülməsinə nə qədər büdcə vəsaiti xərclənib?
Bu suallar cavabsız qaldıqca, ironiyanın yerini şübhə, şübhənin yerini isə ictimai narazılıq tutur. Çünki bu ölkədə yaşıllıq sahəsi təkcə ekologiya yox, həm də büdcə vəsaitlərinin təyinatı üzrə xərclənib-xərclənməməsi məsələsidir.