Medianews.az
Azərbaycan dilinin öyrədilməsi məqsədilə rəqəmsal resurs
96 baxış

Azərbaycan dilinin öyrədilməsi məqsədilə rəqəmsal resurs

Azərbaycan Dillər Universitetində “Azərbaycan dili” rəqəmsal platformasının təqdimatı keçirilib.

Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır. Layihə universitetin alimləri və gənc mütəxəssisləri tərəfindən reallaşdırılıb.

Düşünürəm ki, dövlət dilinin əcnəbilər tərəfindən öyrənilməsinə dəstək baxımından belə bir rəqəmsal həllin yaradılması çox faydalıdır.

Bu rəqəmsal alətdə qeydiyyatdan keçib funksionallıqlarına göz gəzdirdim. Platforma Azərbaycan dilinin öyrədilməsini oxuyub-anlama, dinləyib-anlama, yazı və danışıq kimi dörd əsas bacarıq üzərində qurulub. Bu da beynəlxalq dil tədrisi standartlarına uyğun yanaşmadır. Səviyyələndirmənin (6 səviyyə) tətbiqi, hər səviyyəyə uyğun söz ehtiyatı və qrammatik qaydaların nəzərə alınması xüsusilə əcnəbilər üçün dili daha əlçatan edir.

Dövlət dili üçün belə mərkəzləşdirilmiş rəqəmsal alətlərin olması son dərəcə vacibdir. Bu platforma xarici tələbələr, diplomatlar, diaspor nümayəndələri, Azərbaycanda çalışan əcnəbilər və ümumilikdə dilimizi sistemli şəkildə öyrənmək istəyən hər kəs üçün əhəmiyyətli resursa çevrilə bilər.

Əlbəttə, təcrübə göstərir ki, bu tip layihələrdə risklər də olur.

Əsas odur ki, bu faydalı rəqəmsal platforma təqdimatdan sonra unudulmasın, məzmun daim yenilənsin, zəngin multimedia materiallar əlavə olunsun.

Eyni zamanda, rəqabətə davamlılıq üçün, həm də resursu daha cəlbedici və istifadəçi rahatlığı baxımından süni intellekt əsaslı komponentlərinin, adaptiv öyrənmə mexanizmlərinin gücləndirilməsi də faydalı olardı.

Dövlət dilinin qorunması və əcnəbilər tərəfindən öyrənilməsinə dəstək məqsədilə hazırlanmış “Azərbaycan dili” rəqəmsal platformasının istifadəyə verilməsi təqdirəlayiqdir.

Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

Bizə qoşulun