Medianews.az
Süni intellekt sahəsində geri qalmamaq üçün hansı addımlar atılmalıdır?
210 baxış

Süni intellekt sahəsində geri qalmamaq üçün hansı addımlar atılmalıdır?

Süni intellekt üçün əsas yanacaq datadır. Biznesin və elmi tədqiqat sektorunun isə dövlətə məxsus dataya əlçatanlığı yoxdur.

Noyabrın 3-ü Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı ölkəmizdə süni intellekt məsələsinə də toxundu. Prezident bu sahədə geri qalmamağın vacibliyini vurğuladı.

Amma görünən odur ki, bu istiqamətdə müəyyən addımlar atılsa da, proseslər ləng gedir. “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda qeyd olunan prioritetlər – əlaqələndirmə, təbii dilin emalı modellərinin hazırlanması, hesablama infrastrukturunun qurulması və dataya əlçatanlıq kimi istiqamətlərdə real irəliləyişlər hələ görünmür. Azərbaycan dilinin Milli Korpusu hələ hazırlanmayıb. Bu sektorda pərakəndəlik hökm sürür.

Xüsusilə diqqət çəkən məsələ dataların idarə edilməsi ilə bağlıdır. Uzun illərdir bu mövzu öz həllini tapmır. Dövlətə məxsus məlumatlar biznes və startaplar üçün əlçatan deyil. Əksinə, bəzi dövlət qurumları özlərinə məxsus datalar üzərində kommersiya fəaliyyəti qurub, digərlərinə bu məlumatlardan istifadə imkanı vermirlər.

Bir neçə ildir ki, “məlumatların idarə edilməsi strategiyası”nın hazırlanması istiqamətində işlər aparıldığı bildirilirdi. Xatırlayıram ki, 3-4 il öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  (RİNN) Dünya Bankı ilə birlikdə belə bir sənəd üzərində işlədiklərini qeyd etmişdi.

İndi isə, bildiyimə görə, RİNN və ‍ İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Dövlətə məxsus məlumatların idarə edilməsi strategiyası” layihəsini hazırlayıb. Bu, çox vacib və strateji sənəddir. Çünki dövlətin topladığı nəhəng həcmli sosial, iqtisadi, coğrafi, ekoloji və səhiyyə dataları süni intellektin inkişafı üçün əsas xammaldır. Yaxşı olardı ki, maraqlı tərəflərin iştirakı ilə bu layihənin müzakirəsi keçirilsin. Eyni zamanda açıq məlumat bazaları haqqında qanun layihəsinin də hazırlanması vacibdir.

Prezident İlham Əliyev çıxışında alimlərin də süni intellekt sahəsində daha fəal iştirak etməli olduqlarını qeyd edib.

Ümid edirəm, bu mesaj həm elm, həm də rəqəmsal sektorun rəhbərləri üçün ciddi siqnal olacaq və tezliklə dövlətə məxsus datalardan bütün maraqlı tərəflərin istifadə etməsi üçün bərabər və şəffaf imkanlar yaradılacaq.

Hazırda ölkəmizdə iki nəhəng hesablayıcı infrastruktur, superkompüter mərkəzləri qurulur. Bu mərkəzdə yerləşdirilməli olan yerli süni intellekt layihələrin hazırlanması üçün də münbit şəraitin yaradılması çox vacibdir.

Əgər doğrudan da süni intellekt sahəsində ciddi irəliləmək istəyiriksə, bu strategiya açıq data siyasəti, məlumatların təhlükəsiz paylaşım mexanizmləri, dövlət qurumları arasında inteqrasiya və innovasiyalar üçün bərabər imkanlar prinsipləri üzərində qurulmalıdır.

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru

Bizə qoşulun