Medianews.az
İrəvanda Baymuradovanı kim öldürüb?
78 baxış

İrəvanda Baymuradovanı kim öldürüb?

Ermənistanın paytaxtı İrəvanda 23 yaşlı Çeçenistan əsilli Ayşat Baymuradovanın qətli ölkə ictimaiyyətində rezonans yaradıb.

Qızın meyiti oktyabrın 19-da Demirçyan küçəsində yerləşən mənzildə aşkarlanıb.

Modern.az-ın məlumatına görə, bu barədə erməni KİV-i xəbər yayıb.

Baymuradova oktyabrın 15-də itkin düşüb. O, ailəsindəki zorakılıq səbəbindən hüquq müdafiəçilərinin köməyi ilə Çeçenistandan qaçaraq Ermənistana sığınmışdı.

Hadisə ilə bağlı “Qafqaz anasız” layihəsinin rəhbəri Lidiya Mixalçenko bildirib ki, qız boğularaq öldürülüb. Baymuradovanın yaxınlarının sözlərinə görə, binanın müşahidə kameraları hadisə günü mənzildən iki nəfərin çıxdığını qeydə alıb.

İstintaq zamanı həmin şəxslərdən birinin 30 yaşlı Çeçenistan sakini Said-Xamzat Baysarov olduğu müəyyənləşdirilib. O, 2018-ci ildə “İŞİD” terror təşkilatının maliyyələşdirilməsində şübhəli bilinmiş, lakin Moskvanın Çeryomuşkı rayon məhkəməsi ona bəraət vermişdi. Bundan başqa, onun barəsində quldurluq və sərxoş halda avtomobil idarəetməsi ilə bağlı cinayət işləri açılmışdı.

Digər şəxs isə sosial şəbəkə vasitəsilə Baymuradova ilə tanış olmuş Karina İminovadır. Məlumata əsasən, Ayşat ölümündən bir gün əvvəl məhz İminova ilə görüşə getmişdi.

Erməni hüquq-mühafizə orqanları Baysarov və İminovanın şəxsiyyətini müəyyənləşdirsə də, onların rəsmi şəkildə axtarışa verilmədiyi bildirilir. Hər iki şəxs hadisədən sonra ölkəni tərk edib.

Rus hüquq müdafiəçiləri qeyd ediblər ki, istintaqın ləng aparılması və şübhəlilərin axtarışa verilməməsi işin bağlanacağı ilə bağlı narahatlıq doğurur.

Bizə qoşulun