“Son üç ildə Azərbaycanda ardıcıl şəkildə rəqəmsal identifikasiya sistemlərinin ad və konseptual dəyişiklikləri həyata keçirilib”. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında belə deyib.

E.Abbasov bildirib ki, 2022-ci ilədək dövlət portallarına giriş “ASAN Login” vasitəsilə təmin olunurdu: “2024-cü ilin mayında sistem yenilənərək “digital.login” brendi altında təqdim edildi. 2024–2025-ci illərdə isə bu xidmət artıq “myGov ID” adı ilə fəaliyyətini davam etdirir.
Yeni mərhələdə “myGov ID” vətəndaşlara vahid rəqəmsal identifikasiya və təhlükəsiz giriş imkanı yaradır. İstifadəçilər “myGov” tətbiqi üzərindən iki faktorlu autentifikasiya, “QR login” və mobil tətbiqlərarası keçid kimi funksiyalardan yararlana bilirlər. Bu yanaşma dövlət və özəl sektor sistemləri arasında vahid autentifikasiya modelini formalaşdırmağa yönəlib”.
E.Abbasov onu da qeyd edib ki, hazırda bir çox istifadəçi “rəqəmsal giriş” və “rəqəmsal imza” anlayışlarını fərqləndirə bilmir: “Belə şəraitdə üç il ardıcıl aparılan ad dəyişiklikləri vətəndaşlar arasında müəyyən çaşqınlıq yarada bilər. Rəqəmsal identifikasiya sistemlərində sabitlik və düzgün kommunikasiya bu mərhələdə xüsusilə vacibdir”.
Nailə Qasımova, 
Medianews.az