Türkiyənin tanınmış kino aktyoru, Yeşilçam ustası Engin Çağlar İstanbulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, 85 yaşlı sənətçi Şişlidə yolu keçərkən motosikletin vurması nəticəsində ağır xəsarət alıb və xəstəxanada vəfat edib.
Hadisə 31 oktyabr cümə günü saat 20:10 radələrində baş verib. Motosiklet sürücüsü, 21 yaşlı Berkay O. küçəni keçməyə çalışan Engin Çağlara çırpılıb. Ağır xəsarət alan sənətçi təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Hadisə anı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Görüntülərdə Engin Çağların yolu keçərkən motosiklet tərəfindən vurulduğu və zərbənin gücündən yerə yıxıldığı açıq şəkildə görünür. Ətrafdakı vətəndaşlar dərhal yardıma tələssə də, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Qəzadan sonra saxlanılan motosikletçi Berkay O. ilkin ifadəsində hadisənin qəfil baş verdiyini bildirib:
“O, birdən qarşımda peyda oldu. Mən onu vurmamaq üçün əyləc basdım, amma dayandıra bilmədim”.
Məhkəməyə gətirilən Berkay O. “ehtiyatsızlıqdan adam öldürmə” ittihamı ilə həbs edilərək həbsxanaya göndərilib.
Engin Çağlar 2 noyabr Bazar ertəsi günü Şişli Mərkəzi Məscidində keçirilən mərasimlə son mənzilə yola salınıb. Mərasimdə sənətkarın həyat yoldaşı Filiz Vural, oğulları Eser və Çağlan, həmçinin tanınmış aktyorlar Nuri Alço, Ediz Hun, Teoman Ayık və digər sənət dostları iştirak ediblər.
Dəfn namazından sonra Engin Çağlar Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılıb.
Medianews.az