Soyuq havalarda bir çox sürücünün üstünlük kimi qiymətləndirdiyi oturacaq isidicisi funksiyası düzgün istifadə edilmədikdə orqanizmə mənfi təsir göstərə bilər. Mütəxəssislər bildirir ki, bu funksiyadan tez-tez və nəzarətsiz istifadə sağlamlıq problemlərinə səbəb ola bilər.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, tibbi mütəxəssislərin sözlərinə görə, oturacaq nahiyəsinin davamlı şəkildə yüksək temperaturda qalması xüsusilə kişilər üçün risklidir.
Yüksək istilik kişi reproduktiv sağlamlığına mənfi təsir edə və fertilliyin azalmasına gətirib çıxara bilər. Bu səbəbdən oturacaq isidicisini uzun müddət və maksimal rejimdə işlətmək tövsiyə olunmur.
Bununla yanaşı, bəzi hallarda istilik müsbət təsir göstərə bilər. Həkimlər qeyd edir ki, kiçik çanaq orqanlarında iltihabi proseslər zamanı yüngül istilik faydalı ola bilər. Eyni zamanda, isti oturacaq radikulit, artrit kimi problemlərdə ağrıların azalmasına və oynaqların isinməsinə kömək edir. Lakin hamiləlik dövründə bədənin həddindən artıq qızdırılması arzuolunmaz hesab olunur.
Mütəxəssislər oturacaq isidicisindən istifadə zamanı bir neçə qaydaya əməl etməyi məsləhət görür.
Funksiyanı avtomobilə minməzdən əvvəl qısa müddətlik aktivləşdirmək, vtomobilə əyləşdikdən sonra isə söndürmək, salonun ümumi şəkildə soba vasitəsilə qızdırılmasına üstünlük vermək, dəri oturacaqlı avtomobillərdə parça və ya tüklü üzlüklərdən istifadə etmək.
Həkimlər temperatur rejiminin düzgün seçilməsinin vacib olduğunu da vurğulayır. Oturacaq isidicisini maksimum səviyyədə qoşmaq məsləhət görülmür və istifadə müddəti 10–15 dəqiqədən artıq olmamalıdır. Bu qaydalara əməl etmək həm komfortu qorumağa, həm də sağlamlıq risklərini minimuma endirməyə kömək edir.