Avropa dünyanın ən sürətlə istiləşən bölgəsi olaraq qalır.
İyunun 21-dən bəri qitənin böyük bir hissəsini bürüyən rekord temperatur səbəbindən Avropada 1300-dən çox ölüm hadisəsi qeydə alınıb.
Medianews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus X şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Avropa dünyanın ən sürətlə istiləşən bölgəsi olaraq qalır.
"Avropa Yer kürəsində ən sürətlə istiləşən qitədir və burada istiləşmə tempi qlobal orta göstəricidən iki dəfə çoxdur. Hazırda 150 milyon insan həddindən artıq istidə yaşayır, yüzlərlə insan ölüb, məktəblər bağlanıb və elektrik şəbəkələri tam gücü ilə işləyir", - ÜST rəhbəri vurğulayıb.
Tedros Adhanom Qebreyesus mövcud vəziyyəti iqlim dəyişikliyi və qlobal istiləşmə ilə əlaqələndirib.
"İqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri altında "nəsildə bir dəfə baş verən istilik dalğaları" demək olar ki, hər il baş verən bir hadisəyə çevrilib. Bizə xəbərdarlıq edildi", - o qeyd edib.
ÜST rəhbəri vurğulayıb ki, Avropanın əksər binaları, məktəbləri və iş yerləri bu qədər yüksək temperatur üçün nəzərdə tutulmadığı üçün istilik stressi tez-tez "səssiz qatil" adlanır.
"İyunun 21-dən bəri Avropada yüksək temperaturla əlaqəli 1300-dən çox ölüm halı qeydə alınıb", - Tedros Adhanom Qebreyesus bildirib.
Təxminən 200 milyon insan istidən əziyyət çəkib
France24-ün məlumatına görə, bazar günü Avropada ən azı 191 milyon insan ən azı 35 dərəcə Selsi temperaturu yaşayıb. Ən şiddətli isti dalğaları Almaniya, Çexiya, Macarıstan və Polşada müşahidə olunub.
Vəziyyət xüsusilə Çexiyada ağır olub və burada yeni temperatur rekordu qırılıb.
CHMI Meteorologiya İnstitutu bildirib ki, Praqanın şimalında yerləşən Doksanı şəhərində temperatur 41,1°C-yə çatıb və bu, ölkənin ardıcıl iki gün ərzində ikinci rekordudur.
"Rəsmi hava stansiyaları şəbəkəmizdə ilk dəfə 41 dərəcə Selsi temperaturu qeydə alırıq. Temperatur artmaqda davam edir, ona görə də bu, son maksimum deyil", - CHMI qeyd edib.
ÜST gələcək istilik dalğalarına hazırlıq görməyə çağırır
Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, həddindən artıq istilər səhiyyə sistemləri üçün böyük bir problemə çevrilir.
"ÜST üzv dövlətlər və tərəfdaşlarla birlikdə ekstremal istilərlə əlaqəli sağlamlıq təhdidlərinin aradan qaldırılması üçün çalışır, hazırlığa, profilaktikaya və səhiyyə sistemlərinin gücləndirilməsinə diqqət yetirir", - Tedros Adhanom Qebreyesus vurğulayıb.
O, əlavə edib ki, təşkilat Avropa ölkələrini daha geniş iqlim dəyişikliyinə uyğunlaşma strategiyasının bir hissəsi olaraq əhalisini yüksək temperaturun təsirlərindən qorumaq üçün hərtərəfli fəaliyyət planları həyata keçirməyə çağırır.\Lent.az