Təhqiqatçı jurnalist Ədalət Tahirzadə araşdırıb, ortaya belə bir sənəd çıxarıb ki, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin soyadı, heç demə, əzəl başda “Qarayev” yox, “Hacıqarayev” olmalı imiş, amma dədə-babası soyada düzəliş edib, indiki halına salıb.
İndiki cavanlar bilməz, ötən əsrlərdə bu ölkədə xəsisliyin, simicliyin bir sinonimi də “Hacı Qara”ydı. Adamlar birini tanıtmaq üçün “xəsisdir”, “cimridir”, “simicdir”lə yanaşı, “Hacı Qaradır” deyərdilər, adamın kimliyi haqqında tam təsəvvür yaranardı.
Görünür, Mirzə Fətəli Axundovun “Sərgüzəşti mərdi-xəsis və ya Hacı Qara” komediyası məşhurlaşandan sonra Hacıqarayev siyadı daşıyanların ağsaqqalları qərara gəliblər ki, gələcək nəsilləri lağlağı, rişxənd hədəfi olmaması üçün soyadlarındakı “Hacı”nı atsınlar, sadəcə, Qarayev olsunlar.
Sual yarana bilər ki, bəs onlar niyə “Hacı”nı saxlayıb, “Qara”nı atmayıblar.
Bunun da izahı var. Bu hadisə o dövrdə olub ki, hacılar istismarçı sinifdən sayılırdılar, fəhlə-kəndli hökuməti tərəfindən sevilmirdilər, “Qara” isə xalqdan idi – “Qulu”, “Naib” kimi. Hökumət seçim qarşısında qoyanda çox nəsillər soyadlarındakı “bəy” və ya “xan” sözünü atıb, “Quliyev”ə, “Məmmədov”a çevrilmişdi. Zadəgan nəslindən olmasıyla qürur duymaq, köhnə soyadları bərpa etdirmək haqq-hesabı sonradan çıxdı, sovet hökumətinin bərk vaxtında başın salamatlığını qorumaq, oxumuş adamlar demişkən, prioritet idi.
O üzdən Hacıqarayevlər dönüb Qarayev olublar və düz ediblər. Təsəvvür edin ki, daha bəstəkarımız Qara Qarayevin soyadı Hacıqarayev olsaydı, bu qədər şöhrətli ola bilərdimi? Əsla. Adam sənətə 0:1 hesabıyla başlayardı və Fikrət Əmirovla yarışa bilməzdi.
Elə indinin özündə metroya minəndə “növbəti stansiya Qara Hacıqarayev”dir elanı eşitsək, necə olardı? Düz gəlməzdi. Bəlkə də soyad ritmik və rifmik (qafiyəli) olmadığı üçün rəhmətlik bətəkarın adını metro stansiyasına verməzdilər. (Yeri gəlmişkən, Fikrət Əmirovun adına niyə metro yoxdur? Qoy “Neftçilər”in adını dəyişib “Fikrət Əmirov” metrostansiyası etsinlər).
Sovet dövründə belə hadisələr çox olub, sovetlikdə katib işləyənlər soyadı uzun olan adamlara təklif edirmişlər ki, yeni doğulan uşaqlarının soyadını yığcam yazdırsınlar. Deyirmişlər, Məmmədhüseynov nədir, ya Məmmədov yazdırın, ya da Hüseynov. Adamlar da zövqə görə seçim edirmişlər. Elə olub ki, qardaşların yarısı Məmmədov olub, yarısı Hüseynov. Beləcə nəsil parçalanıb.
Kənd sovetliyi katiblərinin ad-soyad yazmaq işi ilə bağlı bir lətifə də var. Deyir, bir gün biri hansısa idarəyə sənəd verir, ondan ad-soyadını soruşurlar, kişi də cavab verir ki, adı Qu-quludur. Məmur başını qaldırıb sualını təkrar edir, yenə eyni cavabı alanda soruşur ki, a kişi, sən pəltəksənmi, ad Qu-qulu olarmı? Kişi pasportunu məmura göstərib deyir ki, mən pəltək deyiləm, amma atam pəltək olub, sovetliyin katibi isə tupoy, nə cür eşidibsə, o cür də yazıb.
Yəni əsas məsələ odur ki, ad-soyad insanlara çöçün gəlməsin, rişxənd doğurmasın. Onu sonradan dəyişmək, cilalamaq, yonmaq qayət normaldır.
Yoxsa hərdən sosial şəbəkədə paylaşılır, görürük, qədirbilən xalqımız övladlarına hələ də elə adlar qoyurlar, o adı daşıyanlar heç vaxt uğurlu adam ola bilməyəcəklər, həmişə istehza hədəfi olacaq, bütün kollektivlərdə pisikdiriləcəklər.
Hərçənd yadıma düşür ki, 5-6 il əvvəl Dabileyka adlı bir vəkil vardı, özünə yaxşı karyera qurmuşdu, öz camiəsində tanınırdı.
Bir özünüz fikirləşin, Toyxanım, Göygöz, Nərbala, Ramzes, Çaydagül, Aprel, Zəvvar, İstifa, Külək, Kitabulla kimi adlarla hara getmək olar.
Düzdür, Ramzesi sonradan Ramizə çevirmək olar, amma indiki dövrdə o da yerinə düşən ad deyil. İstifanı elə adını deyən kimi “Fiat Dobla”ya basıb apararlar. Küləkdən isə danışmıram, son vaxtlar gənclər bu kəlməni xoşagəlməz hadisənin sinonimi kimi işlədirlər.
Ən yaxşısını amerikalılar edir, istənilən adamın adını qısaldıb deyirlər, hətta prezidentlərin də. Məsələn, Klintonun əsl adı Uilyam idi, amma hamı ona Bill deyirdi. Onun sələfi Karterin adı Ceyms idi, hamı kişini Cimmi çağırırdı. Bu yaxınlarda ölən sabiq vitse-prezidentin adı Riçard idi, bütün dünya ağsaqqalı Dik Çeyni adlandırırdı. İndinin özündə ABŞ vitse-prezidenti Ceyms Devid Vensi Cey Di Vens yazırlar. Yox bir Cey Lo (Cenifer Lopesə də belə deyirlər).
Qarayevlərin əsl soyadlarının ifşası Məhsəti rolunu oynayacaq aktrisanın bar sərgüzəştləri haqqında 10 dəqiqəlik klip çəkən Suad Qaranın (deyəsən, xanım “yeva”sini atıb) qalmaqlından sonra oldu.
Onu da bir daha deyim ki, həmin klip şairə Məhsəti haqqında deyil, sadəcə, filmdə “o da belə olub” göndərməsi var.
Arxivləri eşələyəndə çox şey çıxır. Bu yerdə söhbət gəlib “Bəs KQB-nin arxivləri niyə açılmadı” yerinə çıxır.