“Təxminən 6 aya yaxındır ki, "DSK" yolunda tikilən "Mida" evlərinə çəkilən kanalizasiya xətlərinə görə şəhər tamam iflic vəziyyətə düşüb”. Bunu Medianews.az-a açıqlamasında jurnalist, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.
O, vurğulayıb: “İlk iki ayda bizim evləri çirkab suları basdı, sonra internet, işıq, su xətlərimizi sıradan çıxardılar. Hamısını öz hesabımıza təmir etdik. Uzun şikayətlərimizdən sonra bizə dedilər ki, kanalizasiya xəttini podraçı şirkət edir və 72 gün ərzində işlər tamamlanacaq və yollar asfaltlanacaq. Bu sözün üstündən 172 gün keçib, Binəqədi şosesi demək olar 90 faiz bağlanıb. Hər gün o yolda yüzlərlə maşın tıxacda qalır. Demək olar ki, oradan keçəndə müxtəlif mübahisələrin şahidi oluram. Mühəndis fəhlə ilə, fəhlə traktor şoferi ilə dalaşır, hamı günahı bir-birinin üstünə atır, bir-birini söyüb batırır.
Bir yeri qazıb boru qoyurlar, iki gün sonra yenidən qazıb, o borunu çıxarıb başqa boru qoyurlar. Yəni kanalizasiyanın "K"sından anlayışı olmayan bir yığın adam millətin həyatına "oturub".
Məktəblərin açılmasına sayılı günlər qalıb. Aidiyyəti qurumlar isə nədənsə ortada yoxdur. Bir məsul qurum və ya şəxs ortaya çıxıb normal açıqlama vermir, yaxud tələb eləmir ki, sənə verilən müddətdən 6 ay keçib, bu yoldan nə istəyirsiniz?
Budur, bu gün də “Azəriqaz” İstehsalat Birliyindən rəsmi açıqlama gəlib: Binəqədidə qaz verilişi dayandırılıb. Binəqədi rayonunda, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib. Hazırda təmir-bərpa işləri gedir”.
Səbuhi Abbasov açıqlamasının sonunda qeyd edib ki, rayon “avtopilot rejimdə” işləyir: “Bir daşı bir daşın üstünə qoyan kimi icra başçısı Elxan Allahverdiyevin 200 qoçusu dərhal kasıbın başının üstünü kəsir, amma 6 aydır rayon xarabalığa çevrilib, bir adamın tükü tərpənmir. Ortada isə dövlət büdcəsi talanır, insanlar yolda qalır...”