Medianews.az
Almaniyada qalmaqala səbəb olan şəxs
66 baxış

Almaniyada qalmaqala səbəb olan şəxs azərbaycanlı imiş

Almaniyanın Hessen əyalətində dekabrın 22-si axşam saatlarında baş verən yol-nəqliyyat hadisəsi ölkədə ciddi ictimai rezonans doğurub.

Modern.az-ın məlumatına görə, "Audi" markalı avtomobili idarə edən şəxs Milad yarmarkasının yaxınlığında qarşı hərəkət zolağına çıxaraq piyadalara çırpılıb.

Məlumata görə, sükan arxasında son dövrlər Hessen əyalətində yaşayan 32 yaşlı Azərbaycan vətəndaşı Asim B. olub. O, saxlanıldıqdan və ilkin dindirilmədən sonra psixiatriya müəssisəsinə yerləşdirilib.

İstintaqın ilkin nəticələri onun hərəkətlərinin qəsdən törədildiyini göstərsə də, hüquq-mühafizə orqanları hazırkı mərhələdə hadisənin terror aktı olması ilə bağlı birbaşa sübutların olmadığını vurğulayır. Dindirilmə zamanı şübhəlinin ciddi psixoloji problemlərdən əziyyət çəkdiyi məlum olub.

İstintaq materiallarına əsasən, Asim B. bazar ərazisi yaxınlığında bilərəkdən qarşı zolağa çıxaraq yüksək sürətlə hərəkət edib və park edilmiş avtomobilə çırpılıb. Zərbənin gücü nəticəsində həmin avtomobil avtobus dayanacağı istiqamətinə atılıb və 64 yaşlı qadın ağır xəsarətlər alıb.

Sürücü dayanmayaraq hərəkətini səkidə davam etdirib və daha bir neçə piyadanı vurub. Avtomobilin idarəolunmaz hərəkəti yalnız digər park edilmiş nəqliyyat vasitəsi ilə toqquşmadan sonra dayandırılıb. Hadisə yerində olan 29 yaşlı yerli sakin sürücünü zərərsizləşdirərək polis patrulu gələnədək onu saxlayıb.

Hessen prokurorluğu və əyalətin Cinayət Polisi İdarəsinin yaydığı rəsmi açıqlamada bildirilir ki, şübhəlinin kəskin psixoz vəziyyətində qəsdən hərəkət etməsinə dair ciddi əsaslar mövcuddur. Bununla yanaşı, istintaq orqanları motivlərlə bağlı dəqiq mövqe bildirməyin çətin olduğunu qeyd edir, çünki saxlanılan şəxs ardıcıl və məntiqli ifadə verə bilmir.

Bizə qoşulun