15.05.2025, 09:37
126 baxış
Nailə
Ruslar Ukraynada İRƏLİLƏYİR - Bu ərazi də ƏLƏ KEÇİRİLDİ
Son 24 saat ərzində rus qoşunları Donetsk vilayətində irəliləyərək Novoye kəndini ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədə mayın 15-də Ukraynanın “DeepState” layihəsinin analitikləri məlumat veriblər.
Ekspertlər Donetsk vilayətində üç yaşayış məntəqəsi yaxınlığında rusların irəliləyişini də qeyd ediblər.
"Rusiya qoşunları Novoye kəndini işğal edib, həmçinin Çasovıy Yar, Malinovka və Novaya Poltavka yaxınlığında irəliləyib", - məlumatda deyilir.
Daha əvvəl “Financial Times” Rusiyanın daha böyük hücuma hazırlaşdığını, qüvvələrini əsas döyüş bölgələrinə köçürdüyünü yazıb. Ötən həftə Rusiya qoşunları Donetsk vilayətinin şərq hissəsində, xüsusilə Pokrovsk və Toretsk bölgələrindəki ərazilərə nəzarəti genişləndirib.
Bundan əlavə, Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin sərhədlərinə yaxınlaşır. Rusiyanın bu bölgəyə hücum üçün birbaşa hədəfləri olmasa da, “DeepState” analitikləri hesab edirlər ki, əgər onlar Donetsk vilayətinin inzibati sərhədlərinə çatarsa, Rusiya bundan “qalib” bəyanatlar vermək üçün istifadə edəcək. Dnepropetrovsk vilayəti çox güman ki, Ukrayna cəmiyyətinə təzyiqi artırmaq üçün alətə çevriləcək.