21.04.2025, 10:51
170 baxış
Azad
Şeirə görə həbs olundu
Rusiya vətəndaşı 19 yaşlı Darya Kozıreva böyük Ukrayna şairi Taras Şevçenkonun "Vəsiyyət" adlı şeirini ədibin abidəsinə yapışdırdığına görə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, bu, Rusiya ordusunun "diskreditasiyası" hesab olunur.
Medianews.az xəbər verir ki, Sankt-Peterburq məhkəməsi 19 yaşlı fəal Darya Kozırevanı bir rusiyalı kimi "vətən uğrunda xidmət edənlərə qarşı" ehtiram göstərməməkdə günahlandırıb və gənc Kozıreva 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
D.Kozyreva ona qarşı sürülən ittihamla razılaşmayıb və məhkəmənin onu ordunu "diskreditasiya" maddəsi ilə təqsirli elan etməsini gülünc adlandırıb. O, hökmdən sonra elə məhkəmə zalından da nəzarətə götürülüb.
Prokurorluq Kozırevanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə zamanı ictimai fəal, müharibə əleyhdarı D.Kozıreva ona verilən son söz kimi Taras Şevçenkonun Ukrayna dilində yazdığı "Osnovyanenkoya" şeirindən bir parçanı oxumaqla, ədibdən sitat gətirib. Gənc fəal Rusiya hakimiyyətinin əsrlərlə Ukraynanı özünə tabe etmək cəhdlərini pisləyib və Ukraynanın Donbas, Krım daxil olmaqla bütün torpaqlarını geri alacağına ümid etdiyini bildirib.
Darya Kozıreva 2024-cü ilin fevral ayında böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsi üzərinə müəllifin "Vəsiyyət" adlı poemasından dörd bənd yazılmış kağızı yapışdırdıqdan sonra ona qarşı "ordunu diskreditə etmək" ittihamı ilə cinayət işi açılmışdı. 2024-cü ilin avqustunda isə "Sever.Realii" nəşrinə verdiyi müsahibəsinə görə ona əlavə ittiham irəli sürülmüşdü.
2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş Darya Kozırevanın adının da "xarici agent" kimi siyahıya salınıb-salınmayacağı hələ məlum deyil.
Medianews.az