Son günlər paytaxtın daha bir istiqamətində - Ziya Bünyadov prospekti ilə Böyükşor-Balaxanı-Pirşağı avtomobil yolunun kəsişməsində tıxac müşahidə edilir. Bu ərazidəki sıxlığın aradan qaldırılması ilə bağlı ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir. Əsas həll yolu kimi isə işıqforun qoyulmasının labüd olduğu bildirilir.
Medianews.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da belə təkliflə çıxış edənlərdən biridir. Onun sözlərinə görə, bu yolda istirahət və bayram günləri istisna olmaqla, hər gün tıxac müşahidə olunur.

Ekspert qeyd edib ki, “Santral”ın yanı kimi də tanınan bu yol böyük əhəmiyyətə malikdir: “Digər ərazilərdən paytaxta giriş-çıxış üçün əsasən həmin yoldan istifadə edilir. Əvvəllər Böyükşor yolu kimi tanınan, ancaq Balaxanıya qədər olan bu yol genişləndirilərək Pirşağı qəsəbəsinə qədər uzadılıb. Bu il noyabr ayının 7-də Böyükşor-Pirşağı yeni avtomobil yolu kimi istifadəyə verilib. Bu yeni yol artıq kifayət qədər yüklənir. Abşeron rayonunun yaşayış məntəqələrindən vətəndaşlar indi əsasən bu yolla Ziya Bünyadov prospektinə doğru hərəkət edirlər. Lakin kəsişmədə tıxacla üzləşirlər. Səhər və axşam saatlarında bu tıxac daha çox müşahidə olunur. Ona görə də kəsişmədə dairənin ləğv edilməsi, yerində müasir işıqfor sisteminin quraşdırılması, avtobus dayanacağının təxminən yüz metr geri çəkilməsi ilə yol hərəkəti axını optimallaşdırıla bilər. Burada tıxacın olması Ziya Bünyadov prospektinə də sirayət edir. Eyni zamanda istər sola dönmə zamanı metronun “Ulduz” stansiyası, istər geriyə dönmə zamanı “Koroğlu” stansiyası, istərsə də “20 Yanvar” stansiyası istiqamətində də sıxlıq olur”.

Ekspert quraşdırılan işıqforun sağa yanma işığının təşkil edilməsinin də vacibliyini diqqətə çatdırıb: “Bu, əhalinin rahat gediş-gəlişini tənzimləyəcək. Əvvəllər burada yüklənmə olmurdu, amma Pirşağı istiqamətində yeni yolun çəkilişi yüklənməyə və tıxaca səbəb oldu. Təklifimlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etmişəm”.
Nəqliyyat məsələləri üzrə ekspert Aqil Rəhimov da Medianews.az-a açıqlamasında Ziya Bünyadov prospekti ilə Balaxanı-Pirşağı avtomobil yolunun kəsişməsində tıxacın aradan qaldırılması üçün işıqforun quraşdırılmasını vacib sayıb.

“Burada Pirşağı istiqamətində yolun çəkilməsindən sonra problemlər yaranıb. Əslində, yeni yol məsafəni qısaldıb, sadəcə geriyə dönmə zamanı tıxac müşahidə edilir. Çünki kəsişməyə 3-4 istiqamətdən avtomobil daxil olur. İşıqfor quraşdırılmasa orada qəzalar çox olacaq. Ona görə tənzimləmə olmalıdır. Düşünürəm ki, burada işıqforun quraşdırılması əhəmiyyətlidir”, - deyə o qeyd edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) mövzu ilə bağlı Medianews.az saytına bildirilib ki, həmin ərazidə tıxacın olması barədə məlumatlıdırlar. Qeyd edilib ki, bu barədə hər hansı məlumat olsa ictimaiyyətə təqdim edəcəklər.
Miray ZƏHRA
Medianews.az