2019-cu ildə yanğından sonra yenidən qurulan Notr-Dam kilsəsinin yenidənqurmadan sonra açılış mərasimi baş tutub. Bu münasibətlə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Britaniya şahzadəsi Uilyam, milyarder İlon Mask, İtaliyanın Baş naziri Corcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski və digər siyasətçilər Parisə səfər ediblər.
Səfər çərçivəsində Donald Tramp və Volodimir Zelenski əvvəlcədən əldə edilmiş razılıq əsasında fransalı həmkarları Emmanuel Makronla
üçtərəfli görüş keçiriblər. Cəmi 20 dəqiqə davam edən danışıqlar yekun bəyanat olmadan başa çatıb. Nəzərə alaq ki, hələ seçki kampaniyası zamanı D.Tramp inauqurasiyadan əvvəl 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını, həmçinin Kiyevə çox milyard dollarlıq yardımı dayandıracağını vəd etmişdi.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ötən gün də "Truth Social" sosial şəbəkəsində Rusiya-Ukrayna münaqişəsinə dair açıqlaması ilə növbəti dəfə diqqət çəkib. O bildirib ki, Ukrayna münaqişənin həlli üçün Rusiya ilə saziş bağlamaq istəyir. D.Tramp tərəfləri dərhal atəşkəs və sülh danışıqlarına başlamağa çağırıb. Belə bir gerçəklik fonunda Ukraynanı perspektivdə nə gözləyir? D.Tramp Rusiya-Ukrayna savaşını sülh yolu ilə həll edə biləcəkmi? Əgər saziş imzalanarsa, münaqişə tərəfləri üçün bu, hansı şərtlər çərçivəsində mümkün olacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Gülsel Səfərova bildirib ki, Suriyada müxalif qüvvələrin hakimiyyətə gəlməsi, vaxtilə Rusiyanın, İranın dəstəyi sayəsində hakimiyyətini 11 il qorumağı bacaran Bəşər Əsədin Moskvada sığınacaq tapması, paralel olaraq Ukraynaya Rusiya tərəfindən aktiv hərbi zərbələrin endirilməsi Yaxın Şərq və Şərqi Avropada yeni bir geosiyasi vəziyyətin yarandığını nümayiş etdirir.

Onun sözlərinə görə, belə bir fonda Rusiya-Ukrayna müharibəsinin də sülh müqaviləsi ilə bitirilməsi gündəmə gəlir: “Təbii ki, bu. yaxın aylarda deyil, bir neçə il də çəkə bilər. Amma məsələ bundan ibarətdir ki, hər iki tərəf çox ağır itkilərlə üz-üzədir. Rusiya tərəfindən 600 min, Ukrayna tərəfindən 400 min əsgər itkisi var. Bu o deməkdir ki, artıq yetəri qədər hər iki tərəf tükənib. Qüvvələr tam bitməsə də, tükənmiş vəziyyətdədir. Son zamanlar Rusiyanın aktiv şəkildə Ukraynaya hərbi zərbələr endirməsi insan tələfatını daha da artırır. Düşünürəm ki, bu, həm də Donald Tramp administrasiyasının tam hakimiyyətə gəlməsi ilə bağlıdır. Yanvarın 25-nə kimi biz bu zərbələri izləyə bilərik. Çünki, artıq Tramp tam öz səlahiyyətlərini icra etdikdən sonra NATO üzvü kimi sözünü hüquqi əsasda demiş olacaq”.

Siyasi şərhçi G.Səfərovanın qənaətincə, Rusiya ilə Ukrayna arasında imzalanacaq mümkün sülh sazişində Kiyev daha çox güzəştə gedən tərəf olacaq: “Biz tarixən də görürük ki, hər bir ölkə öz daxili gücünə inanıb irəliləyəndə qüvvələr nisbətində zəif tərəf də olsa sülh danışıqlarında müəyyən güzəştlərə nail ola bilir. Lakin bu məsələdə Ukrayna özü yalnız qərar verə bilmir. Qərarı verən Avropa İttifaqı, aparıcı dövlətlər və NATO ölkələridir. Ona görə də bu sülh razılaşması Volodimir Zelenski ilə Vladimir Putindən daha çox Rusiya-Qərb anlaşması olacaq. Düşünürəm ki, burada daha çox Rusiyanın maraqları izlənəcək. Çünki Rusiya əlini de-fakto Suriyadan çəkməsi Ukrayna müharibəsində Qərbin ona güzəştə getməsi kimi təhlil oluna bilər. Düzdür, Suriya ərazisində Rusiyanın hərbi qüvvələri hələ də qalmaqdadır. Amma faktiki olaraq Kremlin dəstəklədiyi Bəşər Əsəd Suriyadan qaçaraq Moskvada sığınıb. Müxalifət qüvvələr isə Suriyada hakimiyyəti ələ keçirib. Bu, o deməkdir ki, artıq regional ssenari üzrə işə başlanılıb. Alternativ olaraq da Rusiya Ukraynada bir güzəşt dividendi qazanıb. Həmin o dividendi də sülh müqaviləsində masaya çıxaracaq”.
Nailə QASIMOVA