2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə indi də davam edir. Hələ ötən ilin mart ayında Almaniya kansleri Olaf Şolts “Frankfurter Allgemeine Zeitung” konfransında bildirmişdi ki, Ukraynadakı müharibə 2027-ci ilə qədər davam edə bilər. O, ölkəsinin Ukraynanı dəstəkləmək üçün hər şeyi edəcəyini vurğulamışdı.
İndi isə ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik Cahara Matisek Ukrayna mediasına açıqlamasında söyləyib ki, Rusiya-Ukrayna müharibəsi daha üç il - 2027-ci ilə qədər davam edə bilər.

Qərbdə Rusiya-Ukrayna müharibəsinin 2027-ci ilə qədər davam edəcəyinə əminlik haradandır? Nə üçün Qərb koalisiyasını təmsil edən liderlər, hərbi ekspertlər bu müharibənin indi yekunlaşmasına can atmır, əksinə, uzanacağı ilə bağlı proqnozlar verirlər?
Mövzu ilə bağlı Medianews.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Rusiya-Ukrayna müharibəsində kəskin dəyişiklik baş verməsi üçün tərəflərdən birinin radikal üstünlüyə sahib olmasına ehtiyac var.

Onun sözlərinə görə, hazırkı müharibə şəraiti fonunda belə, tərəflər arasında bir balans və münasibət qalmaqdadır: “Nə qədər müharibə olsa da əməkdaşlıqlardan imtina edilmir, bu münasibətlər bitirilmir. O baxımdan da belə mənzərə yaranır. Açığı, uzunmüddətli müharibənin davam etməsi resurs müharibəsi deməkdir. Avropa İttifaqının da resursları çoxdur. Amma Rusiyanın da resursları kifayət qədərdir. Belə olan təqdirdə müharibə qəfildən dayana bilərmi? Bax, əsas sual budur. Yaxud da Qərb sanksiya müharibəsinə davam edərsə, Ukrayna buna nə qədər tab gətirə biləcək? Bunun özü də bir dilemmadır”.

Ə.Əlibəyli deyib ki, 2027-ci il faktoru beynəlxalq balans nöqtələrinin bir az yenidən dəyişməsi ilə bağlıdır və müharibə barədə verilən proqnozlar da bundan qaynaqlanır: “ABŞ-nin yeni Prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-dən etibarən öz səlahiyyətinin başına keçəcək. Rusiya-Ukrayna müharibəsi ilə bağlı onun mövqeyi bəllidir. 2027-ci il proqnozları həm də Donald Tramp hakimiyyətinin son dönəminə işarə edir. Ola bilər ki, onun prezidentliyə başladığı dönəmdən sonra müharibəyə münasibət də dəyişsin. O da özündən əvvəlki prezident Co Bayden kimi radikalizmə yönələcəkmi? Bu da bir dilemmadır. Almaniyanın kansleri Olaf Şoltsun bəyanatını isə daxili siyasi balansı qorumağa yönəlmiş mesaj kimi də oxumaq mümkündür. Bunun Birinci və İkinci Dünya müharibəsinə səbəb olmuş ölkənin siyasi rəhbərinin dilindən səsləndirilməsi də məlum təhdidlərin olmasında xəbər verir”.
Nailə QASIMOVA