Heyvanlar aləmi təbii mühitin və müxtəlifliyin əsas komponentlərindən biri, ölkənin milli sərvəti, əhalinin mənəvi və estetik tələbat mənbəyi olaraq elmi-tədqiqat obyekti, xammal və qida məhsulları kimi istifadə edilir və mühafizə olunur.
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsindən aydın olur ki, heyvanlar aləmi dedikdə, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, quruda, suda, torpaqda və havada təbii olaraq sərbəst, yarımsərbəst və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin kəmiyyət və keyfiyyət məcmusu başa düşülür.
Göründüyü kimi, fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı, fərdlərin sayı da nəzərə alınır. Ölkəmizin ərazisində təbii şəraitin müxtəlifliyi ilə bağlı olaraq onun heyvanlar aləmi də çox rəngarəngdir. Heyvanat aləminin Azərbaycan Respublikasında yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi birbaşa təsir edir.
Adı çəkilən Qanunun 39-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləmi obyektlərinin sərbəst, yarımsərbəst və qeyri-sərbəst şəraitdə yetişdirilməsi və artırılması, habelə zooparklarda, zoobağlarda, zoomuzeylərdə və sirklərdə elmi-tədqiqat, mədəni-maarif, təlim-tərbiyə və estetik məqsədlər üçün istifadə olunması məqsədilə Azərbaycan Respublikasına daimi gətirilməsi idxal hesab edilmir.

“Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 100 nömrəli qərarı ilə təsdiq edilib. Bu Qaydalar “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli Fərmanına əsasən hazırlanıb və heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması qaydalarım müəyyən edir.
Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin “Nərə balıqlarının qorunmasına dair” Qətnaməsinə qoşulmaq barədə” 1998-ci il 23 iyun tarixli 507-IQ nömrəli və “Baytarlıq təbabəti haqqında” 1994-cü il 17 iyun tarixli 825 nömrəli Azərbaycan Respublikasının qanunlarına və “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən həyata keçirilir.
Zooloji kolleksiyalarla ticarət, habelə onların Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və ya aparılması müvafiq qaydalarla tənzimlənir.
Zooloji kolleksiyalar dedikdə, zooparkların, zoobağların, okeanariumların və sair canlı kolleksiyaları, habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları şəklində kolleksiyalar başa düşülür.

Qeyd edək ki, heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması hər bir halda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının öz səlahiyyətləri daxilində rəyləri əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi əsasında həyata keçirilir.
Ölkəmizə gətirilən və onun hüdudlarından kənara aparılan heyvanlar aləmi obyektlərinə təbii sərbəstlik şəraitindən, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericilikdə icazə verilən digər yollarla alınan fauna növləri aiddir.
Qaydaların 2.1-ci bəndinə görə heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının hüdudlarından kənara aparılması xüsusi icazə əsasında həyata keçirilir. Həmin qaydaların 2.2-ci bəndinə əsasən isə hüquqi və fiziki şəxslər tərəfindən heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması məqsədilə xüsusi icazəni almaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizədə aşağıdakılar göstərilməlidir:
- a) fiziki şəxslər üçün - pasport məlumatları (adı, atasının adı və soyadı, ünvanı);
- b) hüquqi şəxslər üçün - adı, təşkilati-hüquqi forması və ünvanı;
- c) ölkənin hüquqi tərəfi ilə əməkdaşlıq haqqında müqavilə (kontrakt) və ya niyyət protokolu;
ç) heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya onun hüdudlarından kənara aparılmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mütəxəssislərdən ibarət ekspert qrupunun rəyi.
Ekspert qrupunun tərkibi aidiyyəti təşkilatların razılığı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir;
- d) heyvanlar aləmi obyektlərinin Azərbaycan və latın dillərində adları, miqdarı və qanuni əldə edilməsi barədə sənədləri;
- e) heyvanlar aləmi obyektlərinin ixrac və ya idxal olmasının məqsədi;
ə) idxal-ixrac olunan ölkənin adı;
- g) ixrac edilən malların təftişi və mənşə sertifikatı (aidiyyəti olduqda);
- q) vəhşi heyvan gətirilən xarici ölkənin baytarlıq sertifikatı, ixrac zamanı respublika dövlət baytarlıq xidmətinin baytarlıq şəhadətnaməsi;
ğ) məqsədindən asılı olaraq əməliyyat növünü izah və təsdiq edən sənədlər.

Qaydaların 2.3-cü bəndində deyilir ki, xüsusi icazə vərəqəsinin forması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir və heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılmasına hüquq verən sənəddir.
Qaydaların 2.4-cü bəndində göstərilir ki, xüsusi icazələr Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın gerbli möhürü ilə təsdiq edilir. “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” (CİTES) Konvensiyanın təsiri altına düşən heyvanlar aləminin obyektlərinə verilən xüsusi icazəyə təhlükəsizlik markası yapışdırılır.
Hər bir halda hüquqi və fiziki şəxslər heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması üçün sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanmasına görə məsuliyyət daşıyırlar.
Xüsusi olaraq vurğulayaq ki, heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilməsi barədə müvafiq sənədləri olmayan fiziki və hüquqi şəxslərdən heyvanlar aləmi obyektlərinin alınması qadağan edilir.
Bəs, heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasına hansı hallarda icazə verilmir?
Bu hallar aşağıdakılardır:
- a) heyvanlar aləminin obyektləri məhdud olduqda və həmin növdən olan canlı heyvanların bərpası mümkün olmadıqda;
- b) xüsusi icazə olmadıqda;
- c) müvafiq ekspert qrupunun rəyi olmadıqda – Bu halda dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsi heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması hesab edilir və bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 273.0.1-ci maddəsinin tələbinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
ç) heyvanlar aləmi obyektlərinin sayı optimal şəraitdən az olduqda;
- d) təbii şəraitdə bərpasına təhlükə yarandıqda;
- e) epizootiya baş verdikdə;
ə) təbii fəlakət zamanı vəhşi heyvanların yaşayış mühitinə mənfi təsir göstərən digər hallarda.

Qaydaların 2.8-ci bəndində birbaşa təsbit edilmişdir ki, hüquqi və fiziki şəxslər tərəfindən təbii sərbəstlik şəraitində yaşayan, yarımsərbəst və qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər yollarla əldə edilmiş vəhşi heyvanların, onların yumurtaları, cinsiyyət hüceyrələri, rüşeymləri, mayalanmış kürüləri, sürfələri və generativ orqanları, həyat fəaliyyəti məhsullarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi ilə həyata keçirilir.
Azərbaycan Respublikasına gətirilən və onun hüdudlarından kənara aparılan vəhşi heyvan növlərinin siyahısına gəlincə, bu siyahı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının rəyləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir və daşınma üsulu müəyyən olunur.
Qeyd edək ki, haqqında söhbət açdığımız Qaydaların tələblərinə ciddi şəkildə riayət olunmalıdır. Əks təqdirdə, yəni bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi, hüquqşünas