“İran Rusiya və Azərbaycanla anlaşaraq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasında bir an öncə maraqlı olsa, Qərbi və ABŞ-ni özündən uzaqlaşdıracaq. Rəsmi şəkildə olmasa da Fransa və ABŞ hərbi qüvvələrinin regionda sayı artır. Gələcək perspektivdə İran sərhədində Ermənistan-ABŞ hərbi bazaları qurulan zaman Tehranın ağlı başına gələcək. Ölkənin hər kəslə bir hesabı var. Dövləti mollalar idarə edir. Sui-qəsdlərdə də rejim nümayəndələrinin payı böyükdür”.
Türkiyənin Azərbaycandakı sabiq attaşesi, general Yücel Karauz Medianews.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Yücel bəy, İsrail Livanda quru əməliyyatlarına başlayıb. Beləliklə, İsrailin Livana qarşı üçüncü müharibəsinə start verilib, yaxud daha genişmiqyaslı hücumdan öncə ilkin addımlar atılıb. İndi əsas sual bu əməliyyatın hansı səviyyədə olacağı yönündədir: 1982-ci il və ya 2006-cı il müharibəsi kimi, yoxsa tamamilə fərqli?
- Mən bunu üçüncü müharibə kimi dəyərləndirmirəm. Bu, daha çox köç hərəkatı kimi qəbul edilir. Çünki savaş çərçivəsində daxil olunan bütün bölgələrdə insansızlaşdırma ilə bağlı təlimatlar verilib. Strategiyaya əsasən nəzarət etməyi hədəflədiyin bölgəni idarə etmək üçün kifayət qədər gücün olmalıdır. İsrailin Livana nəzarət etməsi geosiyasi baxımdan bir o qədər mümkün deyil. Çünki Avropa ölkələrinin əksəriyyəti İsrailin bu addımının beynəlxalq hüquqa zidd olduğunu açıqladılar. Livanda “Hizbullah” təşkilatı var və İsrailə qarşı hücumlar həyata keçirirlər. Bunun beynəlxalq hüquq baxımından bir etibarlılıq müddəti var. Suriyaya yönəlik bir addım atıla bilər. İsrail əldə etdiyi uğurları bir neçə cəbhədən gücləndirməyə çalışır. Məlum olduğu kimi, yaxın zamanda ABŞ-də prezident seçkiləri keçiriləcək. İsrailin ən böyük dəstəkçisi qismində çıxış edən Birləşmiş Ştatlar belə, hazırda rəsmi Təl-Əvivin arxasında deyil.
- Qeyd etdiniz ki, Vaşinqton Təl-Əvivin arxasında deyil. Amma fakt budur ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi başlayandan bu yana ABŞ İsrailə hərbi yardım üçün 17,9 milyard dollar xərcləyib. Əgər dəstək yoxdursa, bu nədir?
- Təbii ki, İsrailin bunları təkbaşına həyata keçirməsi mümkün deyil və bunun üçün Təl-Əvivə Vaşinqtondan hərbi yardımlar edilir. Bunu kimsə inkar edə bilməz, bu, faktdır. Amma burada ən təhlükəli məqam odur ki, Livan və ya Suriyanın Golan təpələri ilə bağlı hərbi hədəfləri məhdud qalarsa, PKK və PYD kimi bölücü ünsürlər, terror təşkilatları işbirliyi edib Suriyanı İraqda olduğu kimi üç yerə bölməyə çalışarlar. Bu zaman isə üçüncü Livan savaşından daha genişmiqyaslı müharibə baş verə bilər. Türkiyənin Suriyanın ərazi bütövlüyünün pozulmasına dözümü yoxdur. İranın bu oyuna girə biləcəyinə inanmıram. İran Prezidenti Məsud Pezeşkian sonuncu açıqlamasında bildirmişdi ki, ölkəsi Haniyənin sui-qəsd nəticəsində öldürülməsinin qisasını alacaq, amma Qəzzada qeyd-şərtsiz atəşkəsin təmin olunması yönündə reaksiya göstərməyəcək. İsrailin belə bir sui-qəsdi İran sızıntıları olmadan yerinə yetirə bilməsi mümkün deyil. Ümumilikdə, məhdud çərçivəli bir əməliyyat olacağını düşünürəm. Lakin siyasi və iqtisadi təsirləri böyük olacaq. Xalq özünü təhlükədə hiss etdiyi üçün xarici ölkələrə köç edə bilər. İsrail daha çox hibrid müharibənin tələb etdiyi formada siyasi iqtidarların aradan qaldırılması, iqtisadi tənəzzülün yaradılması yönündə münaqişəni nəticələndirməyə maraqlıdır.
- İsrail “Hizbullah”ın lideri Həsən Nəsrullahı, demək olar ki, bu strukturun rəhbərliyini məhv elədi. Təl-Əvivin bu addımı hansı gəlişmələrə yol açacaq? Bu proses “Hizbullah”ı tamamilə sıradan çıxaracaqmı? İndiki situasiyada İranın daha sərt cavabı olacaqmı?
- Burada MOSSAD-ın İranın daxilindən satın aldığı qüvvələr də ortadadır. İstər Haniyə, istərsə də Nəsrullahın ölümü daxildən dəstək olmadan gerçəkləşə bilməzdi. Əslində bu dəyişiklikləri İranın özü istəyirdi. Rejim Haniyədən dolayı narahat idi. İslam baxımından məzhəb fərqlilikləri də mövcud idi. Haniyə sünni idi və özünü Osmanlı övladı, Anadoludan gəlmiş türk kimi təqdim edirdi. O, İran tərəfdən çıxış etmirdi. Artıq Nəsrullah da "molla rejimi"nin sözlərini dinləyəcək bir səviyyədə deyildi. Çünki Nəsrullah uzun müddətdir ki, iqtidarda idi. Dolayısı ilə bu ölüm hadisələrində hər kəs qazandı. Haniyənin ölümündən sonra silahlı qruplaşmanın başına rəhbər olaraq şiddətə daha meylli, şiə məzhəbindən olan birisi gəldi. HƏMAS-ın 7 oktyabr İsrailə qarşı başlatdığı hücum bu gün nəticə etibarilə amala xidmət etdimi? Etmədi. Əlli minə yaxın itki var. Əksəriyyəti qadın və uşaqlardır. HƏMAS daha da qüvvətləndi. Belə terror qruplaşmalarında münaqişə, qan, insan itkiləri siyasi liderləri daha da gücləndirir. Eyni şeyi “Hizbullah” üçün də deyə bilərik. Bu qruplaşma son zamanlar idarə oluna bilməyəcək bir səviyyəyə gəlib və liderlik mübarizəsi uğrunda birdən çox yerə bölünüb. Hazırda İran da daxildən qarşıdurma üçün lazımi həddə çatıb. Dolayısı ilə İran İsrailə qarşı genişmiqyaslı bir hava, dron, ballistik raket, yaxud qismən nüvə silahından istifadə etməsi mümkün görünmür. Çünki orada anlayırlar ki, boyundan böyük işlərə qarışdı. Əslində bir ölkə öz ərazilərindən kənarlaşdığı zaman zəifləyir. Həm Yəmən, həm İraq, həm Suriyada proseslərə müdaxilələr etməyə çalışdıqca gücünü itir. Maraqlısı da odur ki, sanki bir komediya filmi izləyirik, nədənsə İranın atdığı hər hansı bir raket havadan yerə enmir (gülür). Halbuki, İran rəsmiləri hər dəfə ölkələrinin texniki imkanlarının nə dərəcədə güclü olduğuna dair bəyanatlar səsləndirirlər. İranın gücünə bir şübhəmiz yoxdur. Rusiya-Ukrayna müharibəsində Moskvaya da kömək edir. Lakin o da bilir ki, dəyişiklik vaxtıdır. İlk növbədə öz ərazilərini qoruyub saxlamalıdır. İran balansı dolduran və aşan fəaliyyətlərlə məşğuldur. Qasim Süleymaninin öldürülməsindən sonra təsiretmə gücləri də azalır.
- Qərbin bəzi media orqanlarında belə iddialar var ki, İsrailin növbəti hədəfi İranın dini-siyasi-hərbi rəhbərliyi və ya bu rejimin seçilmiş təmsilçiləri ola bilər. Bu ehtimallar reallıqla nə qədər uzlaşır?
- İsrailin siyasi hədəfləri var. Ölkə kiçik olsa da güclüdür. Nə yetəri qədər nüfuzu, nə də əsgəri var. Münaqişələrdə tək deyil. ABŞ nə qədər qüvvə göndərsə belə, İraqda, Əfqanıstanda yaşananları görürük. Hazırda İsrail böyük bir kəşfiyyata sahibdir, texnologiya baxımından üstündür. Bu səbəbdən hədəfə aldığı şəxslərin hər birini məhv etdi. Pezeşkian bu yöndə açıqlama verdi ki, biz bunun qarşılığında Qərbə heç nə etmədik. Əslində, bu, çox acı bir etirafdır. İranın acizliyini və necə bir əhval-ruhiyyədə olduğunun sübutudur. Çünki İran imkan qabiliyyətini aşıb. İsrailin silah, nüfuz, hərbi gücü İran, Suriya, Livanı nəzarətdə saxlamağa çatmaz. Bunun üçün başda ABŞ olmaqla Qərbin müəyyən dairələrinin dəstəyinə ehtiyacı var. Bölgə 1900-cü illərdə Osmanlı İmperiyasının çökdüyü dönəmlərdə formalaşmışdı. Lakin imperial dövlətlər heç bir münaqişəni tam şəkildə bitirməzlər. Kənardan problemləri həll edirmişlər kimi görünsələr də yeni münaqişələrin toxumlarını torpağa əkərlər və geri çəkilərlər. 100 il sonra isə təkrar bölgəni formalaşdırmağa çalışırlar. Bunu edərkən də demoqrafiya, İslamın bölünmüşlüyündən istifadə etməklə parçalamağa cəhd göstərərlər. Bu, mütləq xoşbəxtliyi gətirəcək bir struktur deyil. Neft olmasa Suriya çölləri kimin nəyinə lazımdır? Lakin həm logistik, həm də strategiya olduğu üçün Yaxın Şərqə maraqlıdırlar. Belə bir deyim var: neft gözəldir, amma onun bədəlini ödəmək lazımdır. Azərbaycanın da yaşadığı hadisələrdə bunu görmək mümkündür. Bir müddət öncə Səudiyyə Ərəbistanı kralı demişdi ki, fələstinlilər nəyimə gərəkdir, mən öz ölkəmin dərdindəyəm. Dünyada 54-ə yaxın müsəlman ölkəsi var, ancaq birlik şəklində ortaq bir qərar qəbul edə bilmirlər. Bu da qarşı tərəfi güclü qılan səbəblərdəndir.
- Azərbaycan da hazırda müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşir. Cənubi Qafqaz niyə böyük güclərin hədəfindədir və bölgədəki maraq toqquşmaları nə ilə nəticələnə bilər?
- Cənubi Qafqaz Yaxın Şərqdə olduğu kimi, dünyada strateji və geosiyasi baxımından düyün nöqtələrindən biridir. Bölgə həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə tam bir keçid, tarixi İpək Yoludur, təbii sərvətlərlə zəngindir, üstəgəl Rusiya ilə də qonşudur. Bölgədə tranzit ticarət üçün orta dəhliz mövcuddur. Son dövrlər isə Rusiyanı mühasirəyə almaq üçün daha əlverişlidir. Eyni zamanda, Orta Asiyaya giriş və çıxış qapısıdır. Bu səbəblərdən dolayı Cənubi Qafqaza sülh və əmin-amanlıq gəlməməlidir. Bu gün sülh istəyirik deyənlərin hamısı yalan danışır. Qərb, ABŞ və Fransa bölgəyə girməyə çalışır. Ermənistana daxil olub bir neçə fayda qazanmağa cəhd göstərirlər. Birincisi, Rusiyanı aşağıdan mühasirəyə almaq. Bu yöndə Gürcüstanda da müəyyən həmlələr edirlər. İkincisi, İranı yuxarıdan mühasirəyə almaq. Türkiyəni şərqdən, Azərbaycanı isə qərbdən təsirsiz bir hala salmaq niyyətindədirlər. Dünya addım-addım Üçüncü Dünya müharibəsinə doğru irəliləyir. Birdən çox cəbhəsi olacaq. Bir ucu Avropada, bir ucu Qafqazda, bir ucu Ukraynada, digər bir ucu isə Çin-Tayvan istiqamətində olacaq. Mövcud reallıqlar fonunda müharibə fərqli şəkildə baş tutacaq. Bunların hər biri savaşa hazırlanmaqdır. Rusiyanın, Çinin təklənməsi, hərbi güclərinin zəiflədilməsinə xidmət etməkdir. ABŞ-nin tək məqsədi Çinin hərbi baxımdan onunla eyni səviyyədə olmamasını gerçəkləşdirmək, bu ölkəni iqtisadi, siyasi və sosial olaraq çökdürməkdir. Hazırda ABŞ Rusiyanı özünə rəqib kimi görmür. Yalnız Avropa ABŞ-nin qarşısında durmağa çalışırdı. Onu da Rusiyadan istifadə edərək ortadan çıxardı. Bəzi məqamlarda öz maraqlarını müdafiə etdiyini düşünürsən, amma əsl gerçəklikdə başqaları üçün çalışarsan. Fransa prezidenti Emmanuel Makron demişdi ki, NATO-nun beyin ölümü gerçəkləşib. Beləliklə, Avropa özünü ABŞ-nin qollarına buraxıb, ona sığınıb. Rusiya-Ukrayna müharibəsinə baxdığımız zaman görürük ki, qazanan elə ABŞ-dir. Nəticə etibarilə teatr və kinolar bitməz.
- Zəngəzur dəhlizi Rusiya və İran kimi ölkələri qarşı-qarşıya qoyub. Rusiya dəhlizlə bağlı ritorikasını sərtləşdirib, bu da İranın narahatlığına səbəb olub. Bu gərginlik necə bitəcək? Rusiyadan əvvəl ABŞ də dəhlizin açılmasına olan marağını ən yüksək səviyyədə bəyan edib. Maraqlı burasıdır ki, İran ABŞ-yə etiraz eləmir, amma Rusiyaya qarşı çıxır. İndi İran nə edəcək, dəhliz layihəsinə hansı formada qarşı çıxmağa çalışacaq? Ümumiyyətlə, dəhlizlə bağlı prosesləri bu qədər qəlizləşdirən amillər nələrdir?
- Cənubi Qafqazdakı ən mühüm məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzura hakim olan tərəf üstünlük qazanmış olur. Dəhlizin açılması və açıldıqdan sonra nəzarətin həmin tərəfin əlində olması önəmlidir. Prosesdə Qərb olacaqsa, üstünlük onda, Rusiya olacaqsa, sözügedən ölkədə olacaq. Moskvanın regiona daxil olması ABŞ-nin bölgəyə girişini və nəzarət cəhdini məhdudlaşdıracaq. Daha öncə də ABŞ-nin Cənubi Qafqaza müdaxilə cəhdləri olub. Gürcüstan, Azərbaycan və Ermənistanı NATO-ya daxil etmək kimi planı var idi. Lakin Rusiya sərt reaksiya verdi. Hadisələrə bu yöndən baxdığımız zaman Livan, Qəzza nə qədər strateji bir əhəmiyyətə sahibdirsə, Cənubi Qafqaz da eyni dərəcədə önəmlidir. İran bir yanılma içindədir. Əslində İran Rusiya və Azərbaycanla anlaşaraq Zəngəzur dəhlizinin bir an öncə fəaliyyətə başlamasında maraqlı olarsa, Qərbi və ABŞ-ni özündən bir o qədər uzaqlaşdırmış olacaq. Rəsmi şəkildə olmasa da Fransa və ABŞ-nin hərbi varlıqlarının bölgədə sayı artır. Gələcək perspektivdə İran sərhədində Ermənistan-ABŞ hərbi bazaları qurulduğu zaman Tehranın ağlı başına gələcək. Bu dövlətin hər kəslə bir hesabı var. Ölkəni mollalar idarə edir. Bütün siyasi, iqtisadi, sosial qərarları onlar qəbul edir. Sui-qəsdlərdə də rejim nümayəndələrinin payı böyükdür.
- Rusiyanın vasitəçiliyi ilə Zəngəzur dəhlizinin açılmasına Azərbaycan və Türkiyənin münasibəti necədir? Ümumiyyətlə, bu ehtimal nə dərəcədə realdır?
- Hazırkı situasiyada bu, bir qədər çətin görünür, amma olmaması üçün də bir səbəb yoxdur. Biz "3+1"platformasında münaqişələrin həll olunmasını istədik. Burada əsas təhlükə üç dövlətin - Azərbaycan, Rusiya və Türkiyənin arasına nifaq salmaqdan ibarətdir. Hazırda Qərbin niyyəti budur. Xüsusilə Türkiyənin Ukraynanı dəstəkləməsi fonunda Rusiya ilə, Fələstin-İsrail müharibəsindəki mövqeyi ilə bağlı Azərbaycanla münasibətlərinə təsir göstərməyə çalışır və nifaq toxumları səpir. Əslində Qərb qılıncı uzadaraq Ermənistana daxil oldu. Rusiya, Azərbaycan və Türkiyə o qılıncı çəkib çıxarmalıdır. Zəngəzur koridorunun açılması və bölgədə sülhün təmin olunması olduqca önəmli bir məsələdir. Bölgədən kənar aktorlar sülh adı altında Azərbaycana nələrisə diktə etməyə cəhd edirlər. Bu da milli və müstəqil olan rəsmi Bakının marağında deyil. Azərbaycan sülh müqaviləsini imzalamaq istəyir. Lakin bu, Makronun, Blinkenin və Paşinyanın anladığı bir saziş deyil.
Ayşən RƏHİM