Medianews.az
Ermənistan parlamentinin sədri ailə üzvlərinin təhdid olunduğunu deyir
100 baxış

Ermənistan parlamentinin sədri ailə üzvlərinin təhdid olunduğunu deyir

Ermənistan Parlamentinin sədri Alen Simonyan radio aparıcısı Yeqor Qlumova verdiyi müsahibədə Azərbaycan-Ermənistan münasibətləri və regionda sülh perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan son illərdə müxtəlif təhqir və təhdidlərlə üzləşirlər.

“Artıq dörd ildir ki, təhqir və nalayiq ifadələr eşidirik. Bu təhdidlər təkcə bizə deyil, ailə üzvlərimizə və uşaqlarımıza da yönəlir. Azərbaycanlılarla necə yaşayacağımıza gəlincə, nə etməliyik? Ölkəni götürüb Avropanın başqa bir yerinə köçürək? Bu, bizim bölgəmizdir və biz özümüzü bu bölgədən təcrid edə bilmərik”, – deyə o vurğulayıb.

Parlament sədri Ermənistanın sərhədləri və gələcəyi ilə bağlı cəmiyyətdə açıq müzakirələrin aparılmasının vacibliyini qeyd edib.

Simonyanın sözlərinə görə, erməni cəmiyyəti azərbaycanlılarla ünsiyyət və birgə yaşayış reallığını qəbul etməlidir.

“Biz heç kimin mövcud olmadığını iddia edə bilmərik. Qonşunuzla sizi narahat edən bir məsələ varsa, əmin olun ki, həmin məsələ onu da narahat edir. Uşaqlarını itirən anaların ağrısı milliyyətindən asılı olmayaraq eynidir. Biz bu ‘erməni planetindən’ çıxmalıyıq. Elə bir dünya təsəvvürü var ki, sanki orada yalnız ermənilər yaşayır. Halbuki reallıq fərqlidir”, – deyə Simonyan bildirib.

O, tarixdən nümunələr gətirərək qeyd edib ki, uzun illər müharibə aparmış xalqlar sonradan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qura biliblər.

“Birlikdə yaşamalı, ticarət etməli və danışmalıyıq. Başqa alternativ yoxdur”, – deyə Ermənistan parlamentinin sədri əlavə edib./Ajans.az

Bizə qoşulun