Son zamanlarda ölkəmizdə meşə yanğınlarının sayı artıb. Yanğınlar nəticəsində heyvanlar tələf olub, bitki örtüyünə ciddi zərər dəyib. Bəs yanğınların başvermə səbəbi nədir?
Problem ilə bağlı ekoloq İslam Mustafayev Medianews.az–a açıqlamasında bildirib ki, yanğınların başvermə səbəbi insan amilidir:
“Meşə yanğınlarının müxtəlif səbəbləri ola bilər. Söndürülməmiş ocaqlar, siqaretlər, əcnəbilərin meşələrimizə qarşı məsuliyyətsizliyi, əkin prosesi bitdikdən sonra alaq otların və zərərvericilərin məhv edilməsi məqsədilə sahənin yandırılması meşələrdə fövqəladə vəziyyətin yaranmasına səbəb olur. Şüşə butulkalarının meşəlik ərazilərə atılması ilə xüsusilə də yay fəslində günəş enerjisinin təsirindən 500 dərəcə temperatur yaranır. Nəticədə yanğın baş verir. Təəssüflə bildirirəm ki, bəzən qəsdən yandırılma halları da olur. Bu isə ölkəmizə qarşı qətliamdır, cinayətdir. Nəzərə alsaq ki, yay fəsli ilə əlaqədar isti hava şəraiti müşahidə olunur, xüsusilə də bu günlərdə ən kiçik ehtiyatsızlıq meşələrin yanma səbəbidir”.
Ekoloq həmçinin qeyd edib ki, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala daha çox yanğına məruz qalan bölgələrdir. Bu ərazilərdəki yanğınlar nəticəsində minlərlə flora fauna məhv olub.
İslam Mustafayev meşələrin təhlükəsizliyinin qorunması istiqamətində müxtəlif addımlar atılmasının vacibliyini də vurğulayıb:
”Təbliğat işləri gücləndirilməli, meşə ehtiyatları ilə məsuliyyətsiz davranan şəxslərə qarşı cərimələrin məbləği artırılmalıdır. Davamlı olaraq Azərbaycanın müxtəlif bölgələrinə eyni zamanda təhsil müəssisələrinə səfərlər edilməsi, maarifləndirmə işləri və bu kimi layihələr meşə yanğınlarının başverməsinin qarşısını ala bilər”.
Aysel Şirinova
Medianews.az