“Kazan Kremlin” Muzey-Qoruğunda tanınmış modelyer – dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın “Qarabağ” və “Xarıbülbül” adlı kolleksiyaları böyük uğurla nümayiş olunub.
Medianews.az xəbər verir ki, dəfilə Kazanda (Tatarıstan, Rusiya) ikinci Etno-Fashion-Xalq yaradıcılığı və Dekorativ-Tətbiqi İncəsənət Festivalı “Həyat tərzi – mədəni Kod” çərçivəsində keçirilib. Kolleksiyalar XVII-XIX əsrlərin tarixi binalarında təqdim olunub.
“Azərbaycanı dünya podiumlarında, xüsusən də indi bizim gözəl Qarabağımızı təcəssüm etdirən və Şuşa ilində bu cür kolleksiyalarla təmsil etmək mənim üçün böyük şərəfdir. Məlum olduğu kimi, Xarıbülbül çiçəyi Şuşa və Qarabağla ayrılmaz bağlıdır, sevgi və sülh rəmzidir, Azərbaycanın talismanı, 44 günlük Vətən müharibəsində Qələbənin milli rəmzidir. Sevindirici haldır ki, kolleksiyaların nümayişi qonaqların böyük marağına səbəb olmuş və böyük uğurla keçmişdir. Səfər çərçivəsində gələcək əməkdaşlıq və birgə layihələrin reallaşdırılması istiqamətində də bir sıra işgüzar görüşlər keçirilib”, – deyə Gülnarə Xəlilova bildirib.