Dünyada insanları birləşdirən ortaq cəhətlərdən biri də mahnı dinləməkdir. Artıq insanlar maşında, yolda, evdə, işdə – hər yerdə mahnı dinləyir və zövq alırlar. Ünsiyyət qurarkən də musiqi zövqləri ilə bağlı müzakirələr aparılır. Bəzən insanlar birlikdə yığışaraq mahnılar oxuyaraq günün yorğunluğunu çıxarır və xoşbəxt olurlar. Texnologiyanın inkişafı nəticəsində musiqi dinləmək üçün müxtəlif platformalar yaradılıb. Həmin platformalar vasitəsilə kim hansı mahnını istəsə, onu da dinləyir. Dünyanın istənilən nöqtəsindən olan sənətkarı dinləmək artıq çox asandır. Lakin platformaların mahnı istehsalçılarına verdiyi sərbəstlik keyfiyyətsiz mahnıların da ortaya çıxmağına səbəb olub. Bəzi insanlar bu cür mahnılara üstünlük versə də, əksəriyyətin retro mahnıları dinlədiklərinin şahidi oluruq.
Azərbaycanın tanınmış bəstəkarı, Yakın Doğu Universitetinin professoru Cavanşir Quliyev mahnı zövqləri ilə bağlı Medianews.az-a müsahibə verib:
Köhnə mahnılarımız heç vaxt unudulmur. Son çıxan mahnılar isə 1 həftə sonra unudulur gedir. Buna səbəb nədir?
– Həmin mahnılar keyfiyyətsiz olduğu üçün tez unudulur. Amma burada əsas məsələ odur ki, belə mahnılar necə məşhurlaşır? Kim məşhurlaşdırır? Təbii ki, radio və televiziya kanalları edir. Deməli, günahkar onlardır.
– İndi sosial şəbəkələr var. İnsanlar “youtube” kimi platformalara girərək belə mahnıları rahatlıqla dinləyirlər…
– Yox, elə deyil. İnsanların həmin mahnını “Youtube”da axtarmağı üçün onu haradasa eşitməyi lazımdır. Əvvəlcə radio və televiziyada bunu eşidirlər, sonra da girib axtarırlar. Ona görə də, insanların musiqi zövqünün korlanmağının səbəbkarı jurnalistlərdir. Onlardan soruşmaq lazımdır ki, bunu niyə verirlər? Cavab çox sadədir, ya rüşvət alır, ya da həmin jurnalistin zövqü yoxdur. Həmin jurnalistlərə demək lazımdır ki, bu işi bacarmırsansa, get bazarda kartof sat. Bu işin birinci səbəbkarları təbliğat idarələridir.
– Bizim yaxşı bəstələrimiz olan dövrlərdə də televiziya idarələri olub. O zamanlar keyfiyyətsiz mahnılar yox idimi?
– Pis mahnılar o vaxtı da var idi. Xatırlayıram, bir həyasız qadın televiziya şirkətlərinin otaqlarına daxil olub işçiləri təhqir edirdi. Hətta onları şantaj edirdi ki, onun mahnılarını versinlər. Amma o zamanlar redaktorlar bu “reket”lərə qarşı güclü mübarizə aparıblar. Bacardıqları qədər elə mahnıların efirə getməyinin qarşısını alırdılar. Düzdü, bəzən boz mahnılar o zamanlar da olurdu.
– Bu işdə başqa günahı olan yoxdurmu?
– Var. Sistemimizin özü də yanlışdır. Qanunvericilikdə bununla bağlı ciddi qərarlar olmalıdır. Ölkəmizdə Bəstəkarlar İttifaqı deyilən bir idarə var. Gücü sıfıra yaxındır. Heç kəs onun sözünə qulaq asmır. Çünki qanunvericilik bu quruma kifayət qədər güc verməyib. Yaradıcı ittifaqların gücünü çoxaltmaq lazımdır ki, keyfiyyət yüksəlsin.
– Yalnızca mahnılarımız deyil, digər sənət sahələrində də eyni problem var…
– Düzdü, indiki filmlərin, verilişlərin də səviyyəsi aşağıdır. Ona görə də keçmişdə çəkilən filmlərlə, yazılan əsərlərlə yarışa bilmirlər. Hamısının günahkarı televiziya və radio kanallarıdır. Onların sahiblərinin bədii zövqləri nə səviyyədədirsə, elə də kanalları işlədirlər. Hər dövrdə yaxşı da yazan olur, pis də. Gərək mətbuat yaxşı ilə pisi ayırd edə bilsin. Əks təqdirdə yaxşı yazanların əsərləri çirkli sularda itir batır. Bu səbəbdən təmizləmə aparmaq lazımdır. Bunu da təbliğatla məşğul olan adamlar etməlidir.
– Cavanşir müəllim, siz özünüz də bu məsələ ilə bağlı kifayət qədər tənqid etmisiniz, bəs niyə nəticəsini görmürük?
– Bəli, hər müsahibəmdə tənqid edirəm. Amma təkcə mənim tənqidim kifayət etmir. Gərək mətbuat da tənqid etsin. O vaxtı insanlar konsertdən sonra maraqla qəzetə baxırdılar ki, konsertin keyfiyyətini bilsinlər. Qəzetdə tənqid də yazılırdı, tərif də. İndi elə deyil, televiziya və radioların rəhbərləri nəyi istəyirsə, onu da verirlər. Tənqidi vecinə alan yoxdur. Ona görə də musiqi departamentlərinin məsuliyyətini çoxaltmaq lazımdır.
– İnsanlar niyə köhnə mahnıları daha çox sevir?
– İnsanların ən çox sevincli anları uşaqlıqlarıdır. Həmin mahnılar da əksəriyyətin uşaqlıq dönəmində çıxıb. Ona görə də dinlədikdə xoşbəxt olurlar. Bu, psixoloji məsələdir. “Youtube”da mənim mahnılarıma da çox vaxt bu tipdə rəylər gəlir. Orada yazırlar ki “uşaqlığımı xatırladım” , “gəncliyimi xatırladım”, “anam bizi televizorun qarşısında otuzdurub bu mahnıları dinlədərdi”. Onlar uşaqlıqlarını xatırlayıb sevinirlər.
Xəyalə Rəis, Xanlar Əlibəy
Medianews.az