Rusiyanın İrəvandakı səfirliyi yerli informasiya məkanında Rusiyanın ünvanına ittihamlarla dolu çıxışlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
TASS xəbər verir ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan mediasının Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.
Bundan əvvəl bu cür ittihamları radikal siyasi qruplaşma olan “Sasna tser” irəli sürmüşdü.
“Avqustun 14-də “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı yerli informasiya məkanında Rusiya strukturlarının ünvanına iftira və yalan ittihamlar yer alan məlumatlardan dolayı hiddətimizi bildiririk”, – deyə açıqlamada deyilir.
Rusiya səfirliyi tirajlanan belə informasiyaların bəzi siyasi qüvvələr tərəfindən Rusiya-Ermənistan müttəfiq münasibətlərinin pozulmasına yönəlmiş təxribat kimi dəyərləndirdiklərini əlavə edib.